“Peerstack Academy” layihəsinin təqdimatı keçirilib
Oktyabrın 17-də Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Peerstack Academy” layihəsinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu kimi təşəbbüslər tələbələrə yalnız nəzəri bilik deyil, eyni zamanda real layihələr üzərində işləməklə praktiki təcrübə əldə etmək imkanı yaradır. Sonra “Peerstack Academy”nin direktoru Camal Rzayev bildirib ki, “Təhsilin İnkişaf Fondu”, “NEQSOL Academy” və digər tərəfdaşlarla birgə həyata keçirilən layihənin məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirməkdir. O, rəhbərlik etdiyi akademiyanın Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması məqsədilə ABŞ-də yerləşən “Qwasar Silicon Valley” ilə əməkdaşlıq etdiyini və tədris proqramlarını məhz bu tərəfdaşlığın əsasında qurulduğunu diqqətə çatdırıb. Onu da qeyd edib ki, proqram çərçivəsində iştirakçılar mentor dəstəyi alacaq, real layihələr üzərində çalışacaq və texnologiya sahəsinin peşəkarları ilə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.