“Qazaxıstan təcrübəsi: elmdə və təhsildə əməkdaşlığa doğru” mövzusunda seminar keçirilib
Oktyabrın 24-də Riyaziyyat fakültəsinin Riyazi analiz və diferensial tənliklər kafedrasının təşkilatçılığı ilə “Qazaxıstan təcrübəsi: elmdə və təhsildə əməkdaşlığa doğru” mövzusunda seminar keçirilib. Tədbir beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və gələcək birgə layihələr üçün perspektivlərin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub. Seminarı Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova açaraq, akademik heyət və tələbələr üçün yaradılan yüksək şəraitə görə universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, dosent Xəyalə Seyfullayevanın səfərinin fakültə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, bu kimi beynəlxalq səfərlər fakültənin elmi potensialının güclənməsinə, müəllim və tədqiqatçıların beynəlxalq akademik mühitə inteqrasiyasına və elmi əməkdaşlıqların genişlənməsinə mühüm töhfə verir. Sonra Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. O, yaxın günlərdə Qazaxıstana etdiyi işgüzar səfər barədə məlumat verib. Səfər çərçivəsində Qazaxıstanın bir sıra aparıcı ali təhsil müəssisələrində keçirilən görüşlər, elmi müzakirələr və beynəlxalq tədbirlərdə iştirak etdiyini qeyd edib. O, Qazaxıstan ali məktəblərində tətbiq olunan müasir tədris metodları, elmi-tədqiqat fəaliyyətinin təşkili, doktorantura və magistratura pillələrində beynəlxalq əməkdaşlıq təcrübəsi barədə danışıb. Seminarda həmçinin Beynəlxalq Əməkdaşlıq və Strateji Layihələr şöbəsinin müdiri Aysel Eminova çıxış edərək universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında ümumi məlumat verib. O, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq mexanizmləri, birgə layihə və qrant proqramları, eləcə də Qazaxıstan universitetləri ilə əlaqələrin strateji əhəmiyyəti barədə danışıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, Qazaxıstan səfəri ilə bağlı videoçarx nümayiş olunub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, Qazaxıstan səfəri ilə bağlı videoçarx nümayiş olunub.