Oktyabrın 31-də Sumqayıt Dövlət Universitetində (SDU) 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələr arasında “Qarabağ Zəfəri” adlı esse müsabiqəsi təşkil olunub.
Tədbirdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamlayıb, Zəfər Gününün dövlətçilik tariximizdə xüsusi önəm daşıdığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, eləcə də xalqın sarsılmaz birliyi nəticəsində Azərbaycan dövləti tarixi Qələbə qazanıb. Bu Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, illərlə davam edən işğala son qoyulub. Bu istiqamətdə belə tədbirlərin təşkil olunması Zəfər tarixinin gənclər arasında təbliği, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və milli birliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva çıxış edərək esse müsabiqəsinin məqsəd və şərtləri haqqında məlumat verərək, tələbələrə uğurlar arzulayıb.
Qeyd edək ki, bütün fakültələrin tələbələrinin iştirak etdiyi müsabiqədə “Keçmişdən Zəfərə – Bir millətin yolu”, “Bir millətin qürur nidası: Zəfər!”, “Zəfərin siyasi və mənəvi gücü: Dəmir yumruq!”mövzularında təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.