SDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş IX Debat-Natiqlik Turnirinə start verildi
1–2 noyabr tarixlərində Sumqayıt Dövlət Universitetində (SDU) Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Debat Klubunun təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş IX Debat-Natiqlik Turnirinin açılış və yarımfinal mərhələsi baş tutub. Tədbiri universitetin Sosial məsələlər üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamlayıb. O, debat mədəniyyətinin tələbələrin analitik və tənqidi düşünmə, ictimai çıxış və natiqlik bacarıqlarının inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Daha sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Nemət İbayev çıxış edərək turnirin müzakirə mədəniyyətinin inkişafı baxımından önəmli təşəbbüs olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb. Ardınca Debat Klubunun sədri, Mühəndislik fakültəsinin II kurs magistrantı Günay Ramazanova çıxış edərək turnirin təşkili, mərhələləri və məqsədi barədə məlumat verib. Builki debat mövzusu “Daha sərt cinayət cəzalarının tətbiq olunması cinayət hadisələrinin azalmasında ən effektiv yoldur” olub. İlk gün 16 komanda iştirak edib, onlardan 12-si növbəti mərhələyə vəsiqə qazanıb. Gərgin və maraqlı müzakirələr nəticəsində Təbiət Elmləri fakültəsinin “Revolt” və Filologiya fakültəsinin “Carina” komandaları final mərhələsinə yüksəlib. Turnirdə Azərbaycan Tibb Universiteti (ATU), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universitetinin təcrübəli debat hakimləri iştirak edərək yarışın ədalətli və obyektiv şəkildə keçirilməsinə töhfə veriblər.