Sumqayıt Dövlət Universiteti və Bayraq Muzeyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 6-da Sumqayıt Dövlət Universiteti və Sumqayıt Bayraq Muzeyinin birgə təşkilatçılığı ilə “9 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş elmi-praktik tədbir keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov açaraq üçrəngli bayrağımızın tarixindən və onun milli dövlətçiliyimizin əsas rəmzi kimi əhəmiyyətindən bəhs edib. Professor qeyd edib ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə birbaşa bağlıdır. Tarixə nəzər salan professor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi bərpa edilmişdir. Professor onu da əlavə edib ki, Heydər Əliyevin 1998-ci il 13 mart tarixli sərəncamı dövlət atributlarının, xüsusən də üçrəngli bayrağımızın təbliği və uca tutulması işində mühüm əhəmiyyət daşıyır. Şirxan Səlimov həmçinin qeyd edib ki, Prezident İlham Əliyev bayrağımızın uca tutulması istiqamətində mühüm addımlar atmışdır. Onun 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlar bu sahədə mühüm tarixi hadisələrdir. 2010-cu il mayın 29-da Ginnes Dünya Rekordları Təşkilatı Azərbaycan Dövlət Bayrağı dirəyini dünyanın ən hündür bayraq dirəyi kimi təsdiqləmiş, Meydanda Dövlət Bayrağı Muzeyi yaradılmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ölkəmizin suverenliyi tam şəkildə təmin olunub. Müzəffər ordumuzun şücaəti nəticəsində üçrəngli bayrağımız bu gün işğaldan azad edilən hər bir şəhər və kəndimizdə qürurla, əzəmətlə dalğalanır. Eyni zamanda, Azərbaycan bayrağı bu gün dünyanın ən mötəbər kürsülərində ucalaraq dövlətimizin qüdrətini, xalqımızın birliyini və milli qürurunu bütün dünyaya nümayiş etdirir. Sonra kafedranın baş müəllimi Pərviz Cəfərov “Üçrəngli Bayraq – Azərbaycan dövlətçiliyinin ideoloji təməli və milli birliyin rəmzi” , Tarix və coğrafiya fakültəsinin 865 qrup tələbəsi Namaz Məmmədov isə “Üçrəngli bayrağımız -müstəqil Azərbaycanın qürur simvolu” mövzularında çıxış ediblər. Diqqətə çatdırıblar ki, Azərbaycan bayrağı bu gün müstəqil dövlətimizin qüdrətini, xalqımızın birliyini və əzmkar ruhunu ifadə edən ən ali milli rəmzlərdən biridir. Tədbirin sonunda müzakirələr aparılıb, üçrəngli bayrağımızın tariximizdə və bu günkü dövlətçilik rəmzimiz kimi əhəmiyyəti bir daha vurğulanıb. Sonda tədbir iştirakçıları Sumqayıt Bayraq Muzeyinə ekskursiya edərək Azərbaycan bayrağının tarixini və dövlət rəmzlərinin inkişaf mərhələlərini yaxından öyrəniblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)