Sumqayıt Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Noyabrın 7-də Sumqayıt Dövlət Universitetidə (SDU) Sumqayıt şəhər İcra Hakimiyyəti və Milli Müdafiə Universiteti ilə birgə Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Qarabağ zəfəri: xalq, lider və ordu birliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Milli Müdafiə Universiteti rektorunun müşaviri general-leytenant Heydər Piriyev və digər yüksək rütbəli zabitlər, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi, general-mayor Natiq Qarayev, Vətən müharibəsi qəhrəmanı, polkovnik Raqif İsrayılov, şəhid ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü və şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirə abidəsi önünə gül dəstələri düzüblər. Ardınca Zəfər Günü münasibətilə tələbələrin rəsm və əl işlərindən ibarət “Qaliblərin izində” müsabiqə-sərgiyə baxış keçirilib. Tədbirin rəsmi hissəsində Ulu Öndər və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Davamında “Zəfər” videoçarxı nümayiş olunub. Konfransı giriş sözü ilə universitetin rektoru, v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq, Zəfər Gününün beşinci ildönümü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, rəşadətli Azərbaycan Ordusunu və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə əsası qoyulan hərbi quruculuq siyasətindən, ölkədə güclü və peşəkar ordunun formalaşdırılması istiqamətində görülmüş mühüm işlərdən bəhs edib. Professor Əminağa Sadıqov vurğulayıb ki, bu siyasət bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi qüvvəsinə çevrilib. Onu da qeyd edib ki, qələbəmizin əsas dayağı üç mühüm sütuna söykənir — Azərbaycan xalqı, müdrik lideri və qəhrəman ordusu. Onun sözlərinə görə, sərkərdəsiz heç bir dövlət və ordu uğur qazana bilməz. “Biz xoşbəxt xalqıq ki, cənab İlham Əliyev kimi müdrik, qətiyyətli və uzaqgörən Ali Baş Komandanımız var,” – deyə professor Əminağa Sadıqov vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi müasir elmi-texnoloji müharibə idi və Azərbaycan bu sınaqdan layiqincə keçdi. “Bu gün bizim hər sahədə yüksək ixtisaslı mütəxəssislərimiz var. Milli Müdafiə Universiteti ölkənin müdafiə potensialının gücləndirilməsi istiqamətində peşəkar kadrlar yetişdirir,” – deyə o əlavə edib. O, həmçinin bildirib ki, Azərbaycan xalqı bütün dünyaya öz qəhrəmanlığını və birliyini nümayiş etdirdi. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir və bu tədbirlər gənclərdə milli qürur hissinin daha da güclənməsinə xidmət edir. Onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı “Dəmir yumruq” kimi vahid qüvvə olaraq çıxış edib, dövlət, xalq və ordunun birliyi sayəsində tarixi Zəfər qazanılıb. Əminağa Sadıqov həmçinin 44 günlük Vətən müharibəsi dövründə Sumqayıt şəhərindəki istehsal müəssisələrinin fəaliyyətindən və şəhər rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək qeyd edib ki, Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, əsrlər boyu qeyd olunacaq möhtəşəm bayramdır. O, bu münasibətlə konfrans iştirakçılarını təbrik edib. İcra başçısı çıxışının əvvəlində Sumqayıt Dövlət Universitetinin şəhərin yeganə ali təhsil ocağı olaraq Sumqayıtın brendinə çevrildiyini, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri kimi şəhərin siyasi-ictimai, sosial və mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. Zakir Fərəcov çıxışında bu müharibənin tarixi köklərindən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdəki rəhbərliyi dövründə bir çox sahələrdə geridə qalmış Azərbaycanın qısa müddətdə böyük inkişaf yolu keçdiyini, bunun isə o vaxtki SSRİ rəhbərliyinin narahatlığına səbəb olduğunu və nəticədə Heydər Əliyevin vəzifədən uzaqlaşdırıldığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin rəhbərlikdən getməsindən sonra Azərbaycan xalqı ağır sınaqlarla üz-üzə qaldı — Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və torpaqlarımızın 20 faizinin işğalı xalqımızın yaddaşında dərin izlər buraxdı. Lakin xalqın təkidli tələbi ilə Ulu Öndər yenidən hakimiyyətə qayıtdı və onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərpa olundu, iqtisadi, diplomatik və sosial sahələrdə mühüm nailiyyətlər əldə edildi. İcra başçısı onu da qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bütün sahələrdə – iqtisadiyyatda, sənayedə, ordu quruculuğunda və beynəlxalq arenada böyük nailiyyətlərə imza atır. O, həmçinin Azərbaycanın tarixi Zəfərinə aparan yolun məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün olduğunu xüsusi vurğulayıb. O, çıxışında Prezident İlham Əliyevin Sumqayıt şəhərinin inkişafında göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Bildirib ki, son illərdə şəhərdə genişmiqyaslı abadlıq, quruculuq və infrastruktur layihələri həyata keçirilib, sənaye və sosial sahələrdə mühüm uğurlar qazanılıb. İcra başçısı qeyd edib ki, qarşıda duran əsas hədəf Sumqayıtı daha da müasir, dayanıqlı və yaşıl şəhərə çevirməkdir. Sonra Milli Müdafiə Universiteti rektorunun elm üzrə müşaviri professor, general-leytenant Heydər Piriyev, həmin universitetin rektor müavini, professor İbrahim Ethem Atnur, Vətən müharibəsi qəhrəmanı polkovnik Raqif İsrayılov çıxış ediblər. Natiqlər çıxışlarında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlardan bəhs ediblər. Vurğulayıblar ki, 8 Noyabr – Zəfər Günü təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur və birlik bayramıdır. Bu Zəfər türk dövlətləri arasında həmrəyliyin, milli kimliyin və ortaq dəyərlərin möhkəmlənməsində mühüm tarixi hadisə kimi qiymətləndirilib. Çıxışlardan sonra universitetdə Zəfər Gününə həsr olunmuş “Qarabağ Zəfəri” adlı esse müsabiqəsi, “Qələbə Turniri 2025” minifutbol yarışı və “Qaliblərin izində” adlı rəsm sərgi-müsabiqəsinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonda konfrans bədii hissə ilə davam edib. Tələbələrin ifasında Vətənə, Zəfərə və qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib, bədii kompozisiya nümayiş olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)