Sumqayıt Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində respublika elmi konfransı keçirilib
Noyabrın 13-də Sumqayıt Dövlət Universitetində (SDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasında dövlət quruculuğu prosesinin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunub. Konfransda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Arif Həşimov, respublikanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantları iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Böyük Akt zalında davam edən konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov konfransı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları səmimi salamlayıb. Qeyd edib ki, universitetdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri də bugünkü konfransdır. O, konfransın həm Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə, həm də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasının müddəalarının məhz burada, Akademiyada müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Konstitusiyası ən ali, humanist və demokratik dəyərləri özündə ehtiva edir. Ə.Sadıqov həmçinin Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə elmin, xüsusən də AMEA-nın inkişafı istiqamətində atdığı mühüm addımlardan bəhs edib. Qeyd edib ki, Elmlər Akademiyasının ən parlaq dövrü məhz Ulu Öndərin rəhbərlik illərinə təsadüf etmişdir. Professor Əminağa Sadıqov Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq” fikrini xatırladaraq, əmək fəaliyyətinə məhz AMEA-da başladığını və həyatının 35 ilini bu elm ocağı ilə bağladığını qeyd edib. Ulu Öndərin Akademiyanın rəhbərliyi və aparıcı alimlərlə keçirdiyi tarixi görüşlərdə iştirakını böyük qürur hissi ilə xatırladığını bildirib. O, eyni zamanda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışına toxunaraq ölkəmizin elmi və mədəni siyasətinin əsas istiqamətlərini, tarixi həqiqətlərin tədqiqi, dilin və mədəni irsin qorunması kimi vacib məsələləri diqqətə çatdırıb. Dövlət quruculuğu prosesində qlobal çağırışlar fonunda elmin və təhsilin strateji əhəmiyyətini xüsusi qeyd edib. Sonra Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyanın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbulunun Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və s. bu kimi nailiyyətlər təsbit olunub. Əsas Qanunun 30-cu ildönümünü böyük sevinclə qeyd edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı şanlı Qələbə Azərbaycanın suverenliyinin tam bərpasına və Konstitusiyanın bütün ölkə ərazisində tətbiqinə imkan yaratdı. O, həmçinin Azərbaycan Respublikasında dövlət quruculuğunun tarixi inkişaf mərhələləri, müasir idarəetmə mexanizmləri, məhkəmə hakimiyyəti və hakimlərin seçimi məsələlərindən danışıb, Prezident İlham Əliyevin məhkəmələrin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara toxunub. Həmçinin Sumqayıt Dövlət Universiteti ilə keçirilən görüşləri də diqqətə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Arif Həşimov çıxış edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının ölkə başçısının elmə və alimlərə göstərdiyi xüsusi diqqət və ehtiramın bariz göstəricisi olduğunu vurğulayıb. O, Akademiyanın yaranma tarixi və onun formalaşmasında mühüm rolu olan görkəmli alimləri, təsisçiləri haqqında geniş məlumat verib. Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildən başlayaraq zəngin inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan elmi bir çox beynəlxalq səviyyədə tanınan alimlər, elmi məktəblər və tədqiqat istiqamətləri yetişdirib. Əldə olunan elmi nailiyyətlər, ixtiralar və kəşflər ölkənin elmi potensialını möhkəmləndirməklə yanaşı, sənaye və istehsalat sahələrində də uğurla tətbiq olunub. O, AMEA-nın görkəmli alimlərinin yaxından iştirakı və dəstəyi ilə 1962-ci ildə ölkənin kimya sənayesinin mərkəzi olan Sumqayıtda yüksəkixtisaslı mühəndis kadrlarına olan tələbatı ödəmək məqsədilə Azərbaycan Neft və Kimya İnstitutunun filialı kimi fəaliyyətə başlamasını, 1992-ci ildə Azərbaycan Sənaye İnstitutu adlandırılmasını, 2000-ci ildə isə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Sumqayıt Dövlət Universiteti kimi təsis edilməsini diqqətə çatdırıb. Yubiley tədbirinin Sumqayıt Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirərək, bunu elm və təhsil inteqrasiyasının mühüm göstəricisi kimi dəyərləndirib. Konfransın plenar iclasında AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Ənvər Məmmədovun “Azərbaycan Dövlət quruculuğunda yeni mərhələ”, SDU-nun Tarix, coğrafiya və metodika kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Əliyevanın “Postmünaqişə dövründə Azərbaycan Respublikasında dövlət quruculuğu: Qarabağ regionunun reinteqrasiyası” mövzularında məruzələri dinlənilib. Rəsmi hissədən sonra universitetin tələbələrindən ibarət “Səma” rəqs qrupu maraqlı çıxışlarını təqdim edib. Konfrans işini bölmələr üzrə iclaslarda davam etdirib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)