“Python ilə ekoloji layihələr” adlı müsabiqə keçirilib
Noyabrın 14-də Riyaziyyat fakültəsinin Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Python ilə ekoloji layihələr” adlı müsabiqə təşkil olunub. İki mərhələdən ibarət olan müsabiqədə “Biokodçular”, “Ekopilotlar” və “Ekohackerlər” komandaları Python proqramlaşdırma dilindən istifadə edərək ətraf mühit problemlərinin həllinə yönəlmiş innovativ layihələr təqdim ediblər. Birinci mərhələdə komandalar əvvəlcədən hazırladıqları ekoloji yönümlü layihələri nümayiş etdirib, münsiflər isə təqdimatları qiymətləndirərək iştirakçılara suallar ünvanlayıblar. İkinci mərhələ sual-cavab raundu şəklində keçirilib və hər komandaya həm Python, həm də ekologiya mövzularını əhatə edən 5 ümumi sual təqdim olunub. Münsiflərin qərarına əsasən “Biokodçular” komandası müsabiqənin qalibi elan olunaraq mükafatlandırılıb. Tədbirin sonunda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova çıxış edərək iştirakçıları təbrik edib. O, tələbələrin ekoloji problemlərin həllinə texnoloji yanaşmanı tətbiq etmək bacarığını yüksək dəyərləndirib və bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.