Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar mövzusunda seminar
Noyabrın 14-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbiri Karyera və Məzunlarla İş Mərkəzinin müdiri Anar Dünyamalıyev açaraq qonaqları salamlayıb və seminarın məqsədi barədə iştirakçılara məlumat verib. O, tədbirin gənclərdə dövlət qulluğuna marağın artırılması, tələbələrin bu sahə ilə bağlı bilgilərlə təmin olunması və onların gələcək karyera planlaşdırmasına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məsləhətçisi Həsənağa Hüseynov çıxış edərək ölkəmizdə dövlət qulluğu sisteminin hüquqi bazası, dövlət qulluqçuları üçün mövcud təminatlar, qəbul prosedurları, imtahan və seçim mexanizmləri, müsabiqə mərhələləri barədə məlumat verib. O, dövlət qulluğuna qəbul prosesinin şəffaflıq və bərabər imkanlar prinsipləri əsasında həyata keçirildiyini bildirib, gənclərin dövlət idarəçiliyində artan rolundan danışıb. Seminar interaktiv şəkildə davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb. Gənclərə dövlət qulluğuna hazırlıq, imtahan strategiyaları və karyera inkişafı ilə bağlı bir sıra tövsiyələr verilib.