SDU-da Sumqayıt sənaye müəssisələrinin iqtisadi dayanıqlılığına həsr olunmuş Respublika elmi konfrans keçirilib
Noyabrın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) “Sumqayıt sənaye müəssisələrinin iqtisadi dayanıqlılığı: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda “SOCAR Polymer”, “Azərtexnolayn” MMC, Polad boru zavodu və digər sənaye müəssisələrinin nümayəndələri ilə yanaşı, tədqiqatçılar, universitetin professor-müəllim heyəti və tələbələri də iştirak ediblər. Konfrans Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin ehtiramla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş nitqi ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayev açıb. O, iştirakçıları salamlayaraq SDU-nun təşkilatçılığı ilə keçirilən konfransın universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından həm elmi, həm də praktiki əhəmiyyətini vurğulayıb. Sumqayıtın ölkənin əsas sənaye mərkəzlərindən biri kimi Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı rol və verdiyi töhfələr haqqında məlumat verib. Qeyd edib ki, Sumqayıtın mövcud iqtisadi potensialının təhlili, innovativ həll yollarının axtarışı və elmi-tədqiqatların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan universitet-sənaye əməkdaşlığının daha da inkişaf etdirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Konfransın sənaye ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq üçün vacib platforma rolunu oynadığını bildirən E. Abdullayev vurğulayıb ki, tədbirdə müzakirə olunan məsələlər ölkə sənayesinin dayanıqlı inkişafına dəyərli töhfələr verəcək. Plenar iclasda SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev “Sumqayıtın sənaye klasterlərinin inkişaf perspektivləri: investisiya, məşğulluq və ixrac üzrə analitik qiymətləndirmə”, Mühasibat və iqtisadiyyat kafedrasının dosenti Aynurə Yəhyayeva “Sumqayıt sənaye müəssisələrinin iqtisadi dayanıqlılığının artırılmasında yaşıl maliyyə mexanizmləri və eko-innovasiya strategiyaları” mövzularında öz tədqiqatlarını edərək, müvafiq təkliflər irəli sürüblər. Qeyd ediblər ki, rəqabət qabiliyyətinin artırılması, istehsal proseslərinin modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması bu gün sənaye sektorunun qarşısında duran əsas məqsədlərdəndir. Bu baxımdan sənaye-universitet əməkdaşlığının yeni prioritetlərinin müəyyənləşdirilməsi və bu əməkdaşlığın daha səmərəli mexanizmlərlə gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sonra sənaye müəssisələrinin nümayəndələri və SDU-nun mütəxəssislərinin iştirakı ilə panel müzakirə təşkil olunub. Spikerlər “SOCAR Polymer” şirkətinin maliyyə direktoru Müşfiq Hacıyev, SDU-nun Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev, “Azərtexnolayn” MMC-nin istehsalat bölməsinin rəisi Əli Hüseynov, Polad boru zavodunun boru emalı bölmə rəisi Emin Paşayev təmsil etdikləri müəssisələrin fəaliyyəti, inkişaf strategiyaları və qarşıdakı hədəfləri barədə məlumat veriblər. Çıxışlardan sonra onlar iştirakçıların suallarını cavablandırıblar. Konfrans işini bölmə iclasları ilə davam etdirir.