Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə Bursa Uludağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Yerləşdirilmə tarixi : 26 Noyabr 2025 10:16
Sumqayıt Dövlət Universiteti ilə Bursa Uludağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
 Sumqayıt Dövlət Universiteti (SDU) ilə Türkiyənin Bursa Uludağ Universiteti (BUU) arasında akademik və elmi əməkdaşlığın inkişafı məqsədilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb. Memorandum tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, Orhun Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı akademik layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır. Görüş zamanı SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov qonaqları salamlayaraq universitetlər arasında daha sıx əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. Rektor vurğulayıb ki, türkdilli ölkələr arasında elmi-institusional əməkdaşlığın genişlənməsi həm elm mühitinə, həm də tələbələrin inkişafına böyük töhfə verir. O, müxtəlif akademik proqramlar üzrə mübadilələrin, birgə tədqiqatların və elmi layihələrin SDU üçün strateji prioritet olduğunu qeyd edib. Professor Əminağa Sadıqov həmçinin iki universitet arasında imzalanan memorandumun gələcək əməkdaşlıqlar üçün möhkəm hüquqi və institusional baza yaradacağını diqqətə çatdırıb. BUU nümayəndə heyətinə rəhbərlik edən rektor müavini professor Zekeriyya Arı qarşılıqlı əməkdaşlığın geniş potensialından danışaraq bildirib ki, BUU Türk Dünyası Yüksəköğretim Alanında həyata keçirdiyi layihələrlə regional akademik inteqrasiyanın güclənməsinə töhfə verir. Professor Arı SDU ilə birgə fəaliyyətin xüsusilə Orhun Mübadilə Proqramı, maliyyə–mühasibat–audit sahəsində elmi yanaşmalar, rəqəmsal transformasiya və digər istiqamətlərdə yeni imkanlar yaradacağını qeyd edib. Memorandumun imzalanması SDU-da keçirilən I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu çərçivəsində formalaşan elmi əməkdaşlıq mühitinin məntiqi davamı kimi qiymətləndirilib və tərəflər arasında təhsil, tədqiqat, akademik mübadilə, ortaq layihələr və institusional tərəfdaşlıq istiqamətlərində uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar açıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az