Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Malayziyanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 01 Dekabr 2025 09:09
Sumqayıt Dövlət Universitetində Malayziyanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
29-30 noyabr tarixlərində keçiriləcək Malayziya Təhsil Sərgisi çərçivəsində Malayziyanın bir sıra nüfuzlu universitetlərinin nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinə (SDU) səfər ediblər. Görüşdə SEGi University, Sunway University, Universiti Putra Malaysia, Taylor’s University olmaqla dörd ali təhsil müəssisəsinin nümayəndələri, həmçinin Lingva Təlim Mərkəzinin direktoru iştirak edib. SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov qonaqları salamlayaraq ölkələrarası akademik əlaqələrin qlobal inkişafda oynadığı rolu qeyd edib. O, Malayziyanın təhsil və texnoloji innovasiyalar sahəsində əldə etdiyi uğurların dünya miqyasında nümunə göstərildiyini vurğulayaraq, Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb. Əminağa Sadıqov bildirib ki, SDU-da beynəlmiləlləşmə universitetin strateji prioritetlərindən biridir və bu istiqamətdə əməkdaşlıqların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. O, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, elmi-tədqiqat layihələri və birgə akademik təşəbbüslərin həyata keçirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib. Görüş zamanı SDU-nun tədris proqramları haqqında məlumat verilib, xüsusilə energetika ixtisası üzrə birgə tədqiqat və təcrübə proqramlarının yaradılması imkanları müzakirə olunub. Professor gələcək əməkdaşlığın innovativ tədqiqatlara, elmi inteqrasiyaya və regional tərəfdaşlığa töhfə verə biləcəyini vurğulayıb. Tədbirdə SDU-da təhsil alan malayziyalı tələbə Amina Girşini Praburam çıxış edərək universitetdəki təcrübələrini bölüşüb. O, SDU-nun akademik mühitindən, tələbə evində yaradılan rahat və təhlükəsiz şəraitdən, eləcə də beynəlxalq tələbələrə göstərilən dəstəkdən məmnunluğunu ifadə edib. Sonda Malayziya universitetlərinin nümayəndələri öz ali təhsil müəssisələri haqqında təqdimat edərək akademik proqramlar, magistratura və doktorantura imkanları, beynəlxalq tələbələr üçün təqaüd proqramları, həmçinin SDU ilə əməkdaşlıq perspektivləri barədə məlumat veriblər. Görüş qarşılıqlı əməkdaşlıq, birgə akademik təşəbbüslərin icrası, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və tələbə-müəllim mübadiləsinin təşviqi üçün yeni imkanlar yaradıb.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az