Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti 25–26 noyabr tarixlərində Özbəkistan Respublikasına həyata keçirdiyi səfər çərçivəsində QS Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən “QS Avrasiya Forumu 2025” tədbirində iştirak edib. Forum zamanı SDU-nun “QS Stars” audit qiymətləndirməsində əldə etdiyi nəticələrə əsasən SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqova rəsmi sertifikat təqdim olunub. Qeyd edək ki, dünya üzrə 70-dən artıq ölkənin 700-dən çox ali təhsil müəssisəsi “QS Stars” qiymətləndirməsində iştirak edir və bu proses universitetlərin fəaliyyətini müxtəlif meyarlar əsasında ölçməyə imkan verir. Ümumilikdə 9 kateqoriya üzrə qiymətləndirilən Sumqayıt Dövlət Universiteti mühüm uğur qazanaraq Tədris (Teaching) və Yaxşı idarəetmə (Good Governance) kateqoriyaları üzrə 5 ulduz — mükəmməl nəticə əldə edib. “QS Stars” proqramı ali təhsil müəssisələrinin tədris keyfiyyəti, elmi fəaliyyət, idarəetmə, infrastruktur, beynəlxalqlaşma və digər strateji istiqamətlər üzrə güclü tərəflərini qlobal miqyasda obyektiv şəkildə nümayiş etdirməyə imkan verən sistemdir. SDU-nun əldə etdiyi bu uğur universitetin tədris mühitinin, idarəetmə modelinin və institusional inkişaf strategiyasının beynəlxalq standartlara uyğun şəkildə formalaşdırıldığını bir daha təsdiqləyir.
.jpg)
.jpg)