Dekabrın 1-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Code Academy tərəfindən həyata keçirilən “Code for Future” layihəsinin 2025–2026-cı tədris ilinin yaz semestri üçün infosessiya təşkil olunub. Tədbirdə “Code Academy”nin biznesin inkişafı üzrə baş direktoru və layihənin rəhbəri Tuğrul Kapucuoğlu çıxış edərək informasiya texnologiyaları (İT) sahəsindəki 30 illik təcrübəsini və son 4 ildə layihə çərçivəsində görülən işləri iştirakçılarla bölüşüb. O, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, süni intellektin tətbiq sahələrinin genişləndiyini və İT-nin bütün sahələrə təsirini diqqətə çatdırıb. Tuğrul Kapucuoğlu layihənin əhəmiyyətini vurğulayaraq tərəfdaşlıq imkanlarından danışıb və qeyd edib ki, universitetlər tələbələrə nəzəri bilik verir, layihə isə onları praktiki sahədə formalaşdırır. Həmçinin layihə çərçivəsində beynəlxalq dərəcəli sertifikatların təqdim olunduğunu da bildirib. O, növbəti semestr üçün qeydiyyat proseslərinin başladığını diqqətə çatdıraraq, iştirakçılara layihə çərçivəsində təqdim olunan imkanlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ödənişsiz tədris proqramları və praktiki məşğələlər tələbələrin əmək bazarının tələblərinə uyğun inkişafına şərait yaradır və onların gələcəkdə rəqabətqabiliyyətli, yüksək ixtisaslı İT mütəxəssisləri kimi yetişməsinə şərait yaradır.
İnfosessiyanın sonunda tələbələrlə interaktiv söhbət aparılıb və onların sualları cavablandırılıb.