SDU-da təhsil tələbə krediti ilə bağlı infosessiya keçirilib
Dekabrın 4-də Sumqayıt Dövlət Universitetində (SDU) Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələr üçün maarifləndirici infosessiya keçirilib. Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev ölkəmizdə təhsilin əlçatanlığının artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bu prosesin əsas iştirakçılarından biri olan Təhsil Tələbə Krediti Fondunun üstünlüklərindən danışıb. Bildirib ki, fond yarandığı gündən etibarən SDU ilə sıx əməkdaşlıq edir. O, dövlət tərəfindən hər il plan yerlərinin artırılması, statuslu tələbələrin təhsil haqlarının ödənilməsi və digər sosial dəstək mexanizmlərinin tələbələr üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. Elşad Abdullayev çıxışının sonunda tələbələri mövcud imkanlardan maksimum yararlanmağa səsləyib. Sonra Təhsil Tələbə Krediti Fondunun sədr müavini Rüfət Tağızadə çıxış edərək Fondun fəaliyyəti, təklif edilən kredit növləri və tələbələr üçün yaradılan geniş imkanlar barədə məlumat verib. Vurğulayıb ki, fondun əsas missiyası təhsilin maliyyələşdirilməsində sosial bərabərliyi təmin etmək və hər bir gəncin təhsil almaq hüququndan bərabər şəkildə yararlanmasına dəstək göstərməkdir. Ardınca fondun Təhsil müəssisələri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidli təqdimatla çıxış edib. O, müraciət prosesinin tam elektron formada həyata keçirildiyini, tələbələrin şəxsi kabinet vasitəsilə müraciət edə bildiyini bildirib. Həmçinin, kreditlərin geri ödənilməsi qaydaları, güzəşt dövrləri və sosial həssas qruplara təqdim olunan üstünlüklər haqqında ətraflı məlumat verib. Görüş sual-cavab sessiyası ilə davam edib və ünvanlanan suallar fondun əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.