Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində dosent vəzifəsinə təyin olunmuş müəllimlərlə görüş keçirilib
Yerləşdirilmə tarixi : 11 Dekabr 2025 09:54
Sumqayıt Dövlət Universitetində dosent vəzifəsinə təyin olunmuş müəllimlərlə görüş keçirilib
 Dekabrın 12-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov cari ildə dosent vəzifəsinə təyin olunmuş müəllimlərlə görüş keçirib. Görüşün əsas məqsədi tədris prosesinin təkmilləşdirilməsi, elmi fəaliyyətin gücləndirilməsi və akademik heyətin karyera inkişafının stimullaşdırılması olub. Əminağa Sadıqov çıxışında qeyd edib ki, dosent vəzifəsi universitetdə üzərinə ən çox məsuliyyət düşən akademik mövqelərdən biridir. Bu status yalnız əvvəlki fəaliyyətin qiymətləndirilməsi deyil, həm də gələcək tədqiqat və tədris öhdəliklərinin daha yüksək səviyyədə icrası deməkdir. Professor çıxışının davamında dosentlərin bundan sonra müntəzəm elmi-tədqiqat fəaliyyəti aparmasının, müxtəlif sahələri əhatə edən qrant layihələrində iştirakının, nüfuzlu elmi jurnallarda məqalələrin dərcinin, beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və forumlarda çıxışlarının vacibliyini xüsusi vurğulayıb. Bununla yanaşı qeyd edib ki, müasir ali təhsildə müəllimlərin davamlı inkişafı əsas şərtlərdəndir. Bu səbəbdən dosentlərə öz üzərlərində ardıcıl çalışmağı, pedoqoji və metodiki yenilikləri izləməyi, tədris prosesinə innovativ yanaşmalar tətbiq etməyi, tələbələrin tədqiqat fəaliyyətinə daha məqsədyönlü dəstək göstərməyi tövsiyə edib. Əminağa Sadıqov həmçinin görüş iştirakçılarının nəzərinə çatdırıb ki, pedaqoji heyətin əsas qüvvəsi kimi dosentlər öz fəaliyyətləri ilə universitetin ictimai nüfuzunun artırılmasına, tələbələrin hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişmələrinə öz töhfələrini verməlidirlər. Daha sonra görüş iştirakçıları tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşün sonunda SDU rəhbərliyi dosent vəzifəsinə təyin olunmuş müəllimlərə elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az