“Tələbədən Tədqiqatçıya” mövzusunda təlim keçirilib
Dekabrın 12-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Tələbədən Tədqiqatçıya” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimi Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev və Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova açaraq tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinin vacibliyindən danışıblar. Vurğulayıblar ki, müasir əmək bazarında analitik düşüncə, tədqiqat bacarığı və innovativ yanaşma tələbələrin gələcək karyerasında xüsusi rol oynayır. Sonra Təbiət elmləri fakültəsinin müəllimi Aynurə Mustafayeva çıxış edərək məlumatların düzgün yoxlanılması, düşünmə bacarıqları, qrup şəklində işləmək və akademik dürüstlük prinsipləri barədə məlumat verib. İnteraktiv şəkildə davam edən təlimdə Aynurə Mustafayeva tələbələrə tapşırıqlar verib, onların fikirlərini dinləyib. Sonda tələbələrin sualları təlimçi tərəfindən cavablandırıb və onlara tədqiqat aparmaqla bağlı faydalı tövsiyələr verilib.