Məktəblilər SDU-da Heydər Əliyevin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə tanış olublar
12 dekabr – Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə Sumqayıt Dövlət Universitetində Zəngilan rayon 11 nömrəli tam orta məktəbin şagirdləri üçün maarifləndirici görüş təşkil olunub. Tədbirdə məktəbin nümayəndə heyəti – kitabxana müdiri Zinyət Orucova, Uşaq birliyinin rəhbəri Gülnar Əsgərova, İKT laborantı Lalə Cəfərova və məktəbin inzibati əməkdaşı Bəyaz Allahverdiyeva şagirdlərlə birgə iştirak ediblər. Görüş çərçivəsində qonaqlar ilk olaraq SDU-nun Kitabxana İnformasiya Mərkəzini ziyarət ediblər. Mərkəzin direktoru Leyla Allahverdiyeva məktəbliləri salamlayaraq kitabxananın fəaliyyəti barədə məlumat verib və Heydər Əliyevin həyatına, dövlətçilik fəaliyyətinə həsr olunmuş xüsusi guşə ilə tanış edib. O, şagirdlərə Ulu Öndərin irsini əks etdirən kitablar, nəşrlər və arxiv materialları haqqında geniş məlumat təqdim edib. Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Şəhla Rzayeva isə məktəblilərə elektron kitabxananın imkanlarını, rəqəmsal resurslardan istifadə qaydalarını izah edib. Ekskursiyanın davamında məktəblilər Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin direktoru Təranə Namazova Ulu Öndərin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıb, şagirdləri mərkəzdə nümayiş olunan arxiv materialları və ekspozisiyalarla tanış edib. Görüş məktəblilərdə xoş təəssürat yaradıb və onların Heydər Əliyev irsini daha yaxından öyrənməsinə şərait yaradıb.
.jpg)
.jpg)