Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi tərəfindən tələbələr üçün infosessiyalar təşkil edilib
Dekabrın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi tərəfindən tələbələr üçün infosessiyalar təşkil olunub. Tədbirdə Tədris və İnnovasiyalar Mərkəzinin Texnoloji innovasiyalar kafedrasının Beyin Məkəzinin müdiri, spiker Fərid Zalıyev, aparıcı mütəxəssis Tariq Hüseynov, mütəxəssis Zərifə Babayeva və universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov ölkəmizin regional və qlobal miqyasda nəhəng enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğulayıb. O, bu istiqamətdə ali təhsil müəssisələrinin, xüsusilə də Sumqayıt Dövlət Universitetinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Elmar Xəlilov Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi ilə SDU arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərinə toxunaraq qeyd edib ki, bu əməkdaşlıq tələbələrin bilik və bacarıqlarının real istehsalat mühitində formalaşmasına mühüm töhfə verir. Prorektor həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dağıdılmış enerji infrastrukturunun yenidən qurulması və bərpası məqsədilə həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb. Sonra spiker Fərid Zalıyev çıxış edərək təmsil etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, “Universitetdən sənayeyə: Gələcəyin mühəndisinin formalaşmasında yeni trendlər” mövzusunda təqdimatla çıxış edərək Azərbaycanın enerji siyasəti və perspektivləri, elektroenergetika sistemi və paylayıcı sistem operatorunun rolu, sənaye-universitet əməkdaşlığı və bu əməkdaşlığın kadr potensialının artırılmasındakı əhəmiyyəti, eləcə də motivasiya və peşəkar inkişaf mövzularına toxunub. Tədbir interaktiv formatda keçirilib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb və sorğuda iştirak ediblər. Qeyd edək ki, infosessiya gün ərzində davam edib.