Praktik maarifləndirici səfər
Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayevanın təşkilatçılığı ilə bir qrup tələbə praktik yönümlü tədris çərçivəsində maarifləndirici səfərdə iştirak ediblər. Səfər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Hövsan Aerasiya Stansiyasına və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun nəzdindəki Təlim və İnnovasiyalar Mərkəzinə təşkil olunub. Dərs proqramına uyğun olaraq mühazirə birbaşa Hövsan Aerasiya Stansiyasında keçirilib. Tələbələr aerasiya sistemlərinin iş prinsiplərini yerində izləyib, stansiya mütəxəssislərinin təqdimatlarında iştirak edərək suyun təmizlənməsi prosesləri barədə praktiki biliklər əldə ediblər. Səfər Təlim və İnnovasiyalar Mərkəzində davam edib. Burada müasir təlim metodları, innovativ texnoloji yanaşmalar və peşəkar bacarıqların inkişafına yönəlmiş fəaliyyətlər tələbələrə ətraflı şəkildə təqdim olunub. Əyani dərs tələbələrin nəzəri biliklərini real istehsalat mühiti ilə əlaqələndirməsinə, su infrastrukturu üzrə texnoloji düşüncəsinin formalaşmasına və fənnin daha səmərəli mənimsənilməsinə mühüm töhfə verib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)