Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Yerləşdirilmə tarixi : 16 Dekabr 2025 10:20
Sumqayıt Dövlət Universitetində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
 Dekabrın 16-da Sumqayıt Dövlət Universitetində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə gəncləri məlumatlandırmaq, eyni zamanda onların bu istiqamətdə fəal və məsuliyyətli mövqeyinin formalaşdırılmasına töhfə vermək olub. Tədbiri giriş sözü ilə açan Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov insan alverinin müasir dövrün ən ciddi qlobal problemlərindən biri olduğunu vurğulayıb. O, 2005-ci ildə qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” qanun barədə məlumat verərək bildirib ki, sözügedən qanun insan alveri qurbanlarının müdafiəsini, onlara peşəkar sosial və psixoloji yardımın göstərilməsini, eləcə də bu sahədə cinayətkarlıqla mübarizəni nəzərdə tutur. Prorektor tələbələri bu tipli məsələlərlə bağlı daha məlumatlı olmağa çağırıb. Sonra İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova çıxış edərək Mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanları üçün göstərilən reabilitasiya və abilitasiya xidmətləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə fəaliyyət göstərən sığınacaqlar, həmin müəssisələrdə tətbiq olunan psixoloji müdaxilə mexanizmləri, əldə olunan nəticələr və mövcud uğur hekayələri barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə çıxış edən Sosial Xidmətlər Agentliyinin psixoloqu Fatimə Abuşova insan alveri anlayışının mahiyyətinə toxunaraq onun müxtəlif formaları və müasir cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən bəhs edib. O, maarifləndirmə işinin bu sahədə mühüm əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, hər il dünyada minlərlə insan, əsasən qadınlar və uşaqlar, müxtəlif məqsədlərlə istismara məruz qalaraq insan alverinin qurbanına çevrilir. Psixoloq gənclərə bu kimi hallardan qorunmaq üçün diqqətli olmağı və məlumatlı davranmağı tövsiyə edib. İnteraktiv şəkildə davam edən tədbirdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az