Tələbələr üçün praktiki təhsil proqramı
Sumqayıt Dövlət Universitetinin Energetika kafedrasının müdiri, dosent Xəyalə Əliquliyevanın təşəbbüsü ilə IV kurs tələbələri buraxılış işlərini real sənaye layihələri əsasında yerinə yetiriblər. Buraxılış işlərinin icrası sənayedə çalışan təcrübəli mühəndislərin rəhbərliyi ilə həyata keçirilib. Təşəbbüsün əsas məqsədi məzunları enerji sektorunun tələblərinə cavab verən, bilikli və peşəkar kadrlar kimi yetişdirməkdir. Layihə çərçivəsində tələbələr 150 kVt gücündə Günəş PV sistemləri üzrə “On-grid” tipli layihədə iştirak ediblər. Eyni zamanda, müasir enerji texnologiyaları ilə yaxından tanış olaraq, sahə üzrə real iş proseslərini icra ediblər. Bu yanaşma tələbələrin bilik və bacarıqlarının daha möhkəm formalaşmasını təmin edir, onların real istehsalat mühitinə qısa müddətdə uyğunlaşmasına şərait yaradır və məzun olduqdan sonra əmək bazarına hazır, rəqabətqabiliyyətli mütəxəssis kimi çıxış etmələrinə imkan verir.
.jpg)