SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov AzMİU-da keçirilən beynəlxalq konfransda çıxış edib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirak edib və çıxış edərək bildirib ki, Azərbaycanda memarlıq təhsili zəngin bir keçmişə, dinamik hazırki duruma və böyük perspektivlərə malikdir. O, qeyd edib ki, memarlıq təkcə binaların gözəlliyinin deyil, həm də cəmiyyətin düşüncə tərzinin, mədəniyyətinin və inkişaf xəttinin göstəricisidir. Əminağa Sadıqov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, Qarabağın bərpası və yenidən qurulması Azərbaycan memarlıq məktəbinin qarşısında həm böyük imkanlar açır, həm də böyük məsuliyyət qoyur. O qeyd edib ki, rəqəmsal texnologiyalar – BİM, 3D modelləşdirmə, virtual reallıq – tədris prosesinin ayrılmaz hissəsinə çevrilir. Tələbələr yalnız nəzəri biliklərlə deyil, real layihələr üzərində işləməklə praktiki bacarıqlar qazanırlar. Ünvanlı təcrübə proqramları, memarlıq büroları ilə əməkdaşlıq, beynəlxalq müsabiqələrdə iştirak imkanları tələbələrə qlobal memarlıq mühitini yaxından tanımağa şərait yaradır. Eyni zamanda müasir memarlığın əsas çağırışları – ekoloji yanaşma, davamlı inkişaf, milli memarlıq irsinin qorunması – tədris proqramlarının mərkəzində dayanır. Sonda Əminağa Sadıqov bildirib ki, süni intellekt və generativ dizayn layihələndirmə prosesini daha da sürətləndirəcək, “ağıllı şəhər” konsepsiyası şəhərsalmanı yenidən formalaşdıracaq, “yaşıl memarlıq” isə ekoloji dəyərləri prioritet edəcək. Konfransın açılışında AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin tarixi inkişaf yolu, memarlıq təhsilinin formalaşması və bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, müasir dövrdə memarlıq təhsilinin qlobal çağırışlara uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Tədbirdə, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Memarlar İttifaqının və digər qurumların nümayəndələri çıxış edərək memarlıq təhsilində aparılan islahatlar, beynəlxalq standartlara inteqrasiya və kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)