Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yazıçı və psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 22 Dekabr 2025 17:28
Yazıçı və psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilib
 Dekabrın 22-də Sumqayıt Dövlət Universitetində (SDU) Filologiya fakültəsinin Dil və ədəbiyyat kafedrasının, Tələbə Gənclər Təşkilatının və “Qədim Qala” nəşriyyatının birgə təşkilatçılığı ilə tanınmış yazıçı və psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Görüşü giriş sözü ilə açan “Qədim Qala” nəşriyyatının təmsilçisi Şöhlət İxtiyaroğlu bu cür görüşlərin tələbələrin dünyagörüşünün formalaşmasında, mütaliə mədəniyyətinin və ədəbi zövqünün inkişafında mühüm rol oynadığını vurğulayıb. O, müəllif-oxucu görüşlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Sumqayıt Dövlət Universitetində kitaba, müəllifə və oxucuya hər zaman böyük hörmətlə yanaşılır. Şöhlət İxtiyaroğlu həmçinin SDU ilə “Qədim Qala” nəşriyyatı arasında qurulmuş əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırıb, dünyada kitab sənayesinin inkişafından söz açıb və rəhbərlik etdiyi nəşriyyatın fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Sonra tanınmış yazıçı və psixoloq Rövşən Abdullaoğlu tələbələrlə görüşərək öz həyat yolu, yaradıcılıq fəaliyyəti və yazıçılıq təcrübəsi haqqında məlumat verib. Bildirib ki, yaradıcılıq fəaliyyətinə publisistik yazılarla başlayıb, zamanla bədii ədəbiyyata və digər janrlara üstünlük verib. Yazıçı qeyd edib ki, əsərlərində əsasən insan psixologiyası, həqiqət axtarışı, insanın daxili aləmi və onu narahat edən problemlər əsas mövzulardandır. Rövşən Abdullaoğlu çıxışında düzgün ixtisas seçiminin əhəmiyyətindən, gənclərin ailə və sosial mühitdə üzləşdikləri psixoloji çətinliklərdən, eləcə də şəxsi və peşəkar inkişaf yollarından bəhs edib. O, gənclərə öz potensiallarını düzgün dəyərləndirməyi, daxili imkanlarını kəşf etməyi və məqsədyönlü şəkildə inkişaf etməyi tövsiyə edib. Yazıçı öz əsərləri haqqında danışaraq bədii yaradıcılığın incə məqamlarına toxunub, ədəbiyyat və psixologiyanın bir-birini necə tamamladığını konkret nümunələrlə izah edib. Səmimi və intellektual müzakirələr şəraitində keçən görüş tələbələrin böyük marağına səbəb olub, sual-cavab formatında davam edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az