Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində dayanıqlı enerji və qlobal enerji təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Yerləşdirilmə tarixi : 24 Dekabr 2025 15:58
Sumqayıt Dövlət Universitetində dayanıqlı enerji və qlobal enerji təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
 Dekabrın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) “Dayanıqlı enerji sistemləri və qlobal enerji təhlükəsizliyi: çağırışlar və imkanlar” mövzusunda beynəlxalq elmi konfransın əsas sessiyası keçirilib.
Konfrans Sumqayıt Dövlət Universiteti, Kazan Dövlət Energetika Universiteti, Malatya Turgut Özal Universiteti, "Azərenerji" ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanın bir sıra universitetlərindən, elmi-tədqiqat institutlarından alimlər, tərəfdaş qurumların əməkdaşları, elmi tədqiqat institutlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Sonra universitetin Böyük Akt zalında baş tutan açılış mərasimində Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib. Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açılış nitqində qonaqları salamlayıb. O, tərəfdaş müəssisələr, yerli və qardaş ölkələrin universitetləri ilə birgə təşkil olunan konfransın əlamətdar bir tarixə ─ ölkə başçısının doğum günü, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Fürsətdən istifadə edərək konfrans iştirakçıları adından Prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Professor Əminağa Sadıqov konfransın aktual mövzuya həsr olunduğunu qeyd edərək, enerji resurslarının müasir dünyada siyasi, iqtisadi və sosial baxımdan strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, dayanıqlı enerji sistemlərinin qurulması və məqsədyönlü enerji siyasətinin həyata keçirilməsi dövlətlərin milli təhlükəsizliyinin əsas komponentlərindən biridir. O, enerji resurslarından səmərəli və məsuliyyətli şəkildə istifadə edilməsinin vacibliyini önə çəkərək, bu sahədə qəbul olunan qərarların gələcək nəsillərin rifahına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda dünyada enerjiyə olan tələbat sürətlə artır. Bu baxımdan dayanıqlı enerji siyasətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın təkcə enerji istehsal edən deyil, eyni zamanda enerji ixrac edən ölkəyə çevrilib. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə energetika sahəsinin inkişafına xüsusi diqqət yetirdiyini, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm layihələrə imza atdığını vurğulayıb. Qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı iqtisadi islahatlar uğurla həyata keçirilir və mühüm nailiyyətlər əldə olunur. O, dünyada bir milyarddan çox insanın enerji çatışmazlığı problemi ilə üzləşdiyini, üç milyarddan artıq əhalinin isə hələ də odun, kömür və digər ənənəvi yanacaq növlərindən istifadə etdiyini diqqətə çatdırıb. Bu problemlərin həllinin əsas yolunun beynəlxalq əməkdaşlıqdan və qlobal həmrəylikdən keçdiyini bildirib. Əminağa Sadıqov çıxışının sonunda 2024-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin ölkəmizin qlobal ekoloji təşəbbüslərdə və beynəlxalq iqlim gündəliyində mühüm tərəfdaşa çevrildiyini bir daha təsdiqlədiyini vurğulayıb. Qeyd edib ki, keçirilən bu konfrans dayanıqlı enerji sistemlərinin formalaşdırılması və qlobal enerji təhlükəsizliyi sahəsində aparılan elmi müzakirələrə dəyərli töhfə verəcək. Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov çıxış edərək belə mötəbər və beynəlxalq əhəmiyyətli konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, konfransın geniş coğrafi əhatəsinə nəzər saldıqda bunun Azərbaycan energetika tarixində yeni səhifələrin açıldığını açıq şəkildə görmək mümkündür. Qeyd edib ki, SDU enerji təhlükəsizliyi sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biridir və bu istiqamətdə mühüm elmi-tədqiqat işləri həyata keçirir. Arif Həşimov çıxışında Azərbaycanın enerji sisteminin tarixindən də bəhs edib. Bildirib ki, keçmiş SSRİ dövründə enerji sisteminin əsas bünövrəsi məhz Azərbaycanda qoyulub. Bunun əsas səbəbi Azərbaycanın qədim neft istehsalçısı olan ölkələrdən biri olmasıdır. Məhz bu amil energetika sahəsinin inkişafına güclü təkan verib. O, ölkəmizdə ilk elektrik qatarının Bakı-Sabunçu xətti üzrə istifadəyə verilməsini Azərbaycanın energetika tarixində mühüm mərhələ kimi dəyərləndirib. Çıxışı zamanı Arif Həşimov Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş iclasdakı dərin məzmunlu çıxışını xatırladaraq, dövlət başçısının energetika sahəsinə verdiyi strateji əhəmiyyəti və bu sahənin davamlı inkişafı ilə bağlı səsləndirdiyi mühüm fikirləri vurğulayıb. Konfransda Malatya Turqut Özal Universitetinin prorektoru, professor Orhan Gündüz və “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə və "Azərenerji" ASC Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva çıxış ediblər. Çıxışlarda universitetlərarası və sənaye–ali təhsil əməkdaşlığının əhəmiyyəti, elmi-tədqiqat və innovasiyaların inkişafında beynəlxalq tərəfdaşlıqların rolu, eləcə də enerji təhlükəsizliyi və bu sahədə ixtisaslı kadr hazırlığının strateji önəmi vurğulanıb. Qeyd olunub ki, bu cür beynəlxalq konfranslar elmi fikir mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır. Konfransın açılış mərasimindən sonra panel müzakirələrinə start verilib. Spikerlər enerji siyasəti, enerji təhlükəsizliyi, alternativ və bərpa olunan enerji mənbələri, innovativ texnologiyaların tətbiqi, ekoloji problemlərin həlli, enerji bazarında qiymət formalaşması və qiymətləndirmə mexanizmləri, eləcə də digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar. Konfrans Sumqayıt Dövlət Universitetinin tələbələrinin ifasında musiqi nömrələri və universitetin marşının səsləndirilməsi ilə davam edib. Qeyd edək ki, beynəlxalq konfrans iki gün ərzində bölmə iclasları ilə işini davam etdirəcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az