Prezident Kitabxanasında “Qarabağ florası” kitabına həsr olunmuş dəyirmi masa keçirilib
2026-cı il yanvarın 13-də Prezident Kitabxanasında “Qarabağ florası” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirak edib. Çıxış edən Əminağa Sadıqov tədbir iştirakçılarını Elm və Təhsil Nazirliyi adından salamlayaraq “Qarabağ florası” kitabının elmi və praktiki əhəmiyyətindən bəhs edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi tariximizin yeni mərhələsini açmışdır. Bu mərhələdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biridir. Qeyd etmək lazımdır ki, bu prosesdə elm və təhsilin rolu müstəsna əhəmiyyət kəsb edir. Elm və Təhsil Nazirliyinin azad edilmiş ərazilərlə bağlı həyata keçirdiyi fəaliyyət sistemli, məqsədyönlü və uzunmüddətli strateji baxışa əsaslanır. Nazirliyin əsas hədəfi Qarabağı yalnız bərpa olunan deyil, eyni zamanda elmi cəhətdən tədqiq olunan və bilik əsaslı inkişaf edən bir regiona çevirməkdir. Bu çərçivədə, elm və ali təhsil müəssisələri qarşısında qoyulan vəzifələr, ilk növbədə, təbiət və texniki elmlər üzrə fundamental və tətbiqi tədqiqatlara xüsusi diqqətin yetirilməsidir. Torpaq, su ehtiyatları, biomüxtəliflik, ekoloji təhlükəsizlik və “yaşıl enerji” sahələrində aparılan elmi araşdırmalar regionun davamlı inkişaf konsepsiyasının elmi əsaslarını formalaşdırır. Əminağa Sadıqov qeyd edib ki, “Qarabağ florası” kitabının işıq üzü görməsi də Elm və Təhsil Nazirliyinin geniş tədbirlər planının bir hissəsi olaraq Btanika İnstitutunun kollektivinin fədakar əməyinin nəticəsidir. Bu kitab nəfis şəkildə çap olunmuş, yaxşı vizuallaşdırılmış, elmi və populyar dildə tədqiqatçılara və digər oxuculara təqdim olunan böyük ensiklopedik bir mənbədir. O, həmçinin bildirib ki, humanitar və ictimai elmlər sahəsində Qarabağın tarixi, mədəni irsi, sosial inkişaf perspektivləri və post-münaqişə reallıqları ilə bağlı tədqiqatlar genişləndirilir. Bu tədqiqatlar milli yaddaşın bərpası, tarixi həqiqətlərin elmi əsaslarla dünyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Elm və Təhsil Nazirliyi üçün prioritet istiqamətlərdən biri də elmi infrastrukturun və ali təhsil mühitinin formalaşdırılmasıdır. Dövlətin xüsusi dəstəyi və qayğısı nəticəsində işğaldan azad olunmuş rayonlarda ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, Qarabağ Universitetinin yaradılması və onun müasir ali təhsil və elmi-tədqiqat mərkəzinə çevrilməsi bölgədə elmin və təhsilin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Nazirliyin tabeliyində olan elmi müəssisələr tərəfindən Qarabağ bölgəsində aparılan tədqiqat işləri, keçirilən elmi konfranslar, simpoziumlar və beynəlxalq forumlar elmi dialoqun genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və Qarabağın sülh, inkişaf və elm məkanı kimi tanıdılmasına xidmət edir. Tədbirin açılışında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edərək “Qarabağ florası” kitabının alimlər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərini vurğulayıb, uzun illər işğal altında qalmış ərazilərdə ekoloji mühitə dəyən ciddi zərərlərin elmi əsaslarla araşdırılmasının vacibliyini qeyd edib. Daha sonra çıxış edən natiqlər kitabın elmi redaktoru, Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva, eləcə də elm, təhsil və ictimaiyyət nümayəndələri nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bitki aləminin sistemli şəkildə təqdim olunduğunu, aparılan tədqiqatların Azərbaycan elminin beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Çıxışlarda kitabın alimlər, tələbələr və bioloqlar üçün mühüm elmi mənbə olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, “Qarabağ florası” kitabında Qarabağ və Şərqi Zəngəzur ərazilərində yayılmış bitki aləminin elmi təsnifatı aparılıb, nadir və endemik növlərin bioekoloji xüsusiyyətləri ətraflı şəkildə təqdim edilib. Nəşrə 8 xəritə, 10 cədvəl, 300-dən çox relikt və endemik bitkiyə dair illüstrasiya daxil edilib. Kitabda ümumilikdə 2000-dən artıq ali bitki və 400-dən çox göbələk növü haqqında elmi məlumat yer alır ki, bu da Qarabağın zəngin biomüxtəlifliyinin kompleks şəkildə öyrənilməsinə imkan yaradır. Tədbirin sonunda kitabın hazırlanma məqsədini və elmi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)