SDU-da 20 Yanvar faciəsinin 36-cı ildönümü yad edilib
Azərbaycan xalqının yaddaşına həm dərin hüzn, həm də şərəfli mübarizə tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş məzun şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüblər. Sonra universitetin foyesində 20 Yanvar faciəsini əks etdirən fotosərgiyə baxış keçirilib. Tədbir universitetin akt zalında davam edib. Vətənimizin azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib. SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri, tarixi kökləri və nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına xalqımızın ciddi müqavimət göstərməsi, milli iradə və əzmin açıq şəkildə nümayiş etdirilməsi sovet imperiyasının xalqımıza qarşı qanlı hərbi müdaxiləyə əl atmasına səbəb olub. Əminağa Sadıqov vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı həyata keçirilən bu amansız əməliyyat Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, müstəqillik yolunda milli oyanışı daha da gücləndirmişdir. Əminağa Sadıqov qeyd edib ki, tanklar və ağır texnika ilə silahsız insanlara qarşı törədilən bu vəhşilik sovet rejiminin siyasi və mənəvi iflasını açıq şəkildə nümayiş etdirdi və 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik tarixində ən yadda qalan və taleyüklü hadisələrdən birinə çevrildi. Məhz bu faciə xalqımızın azadlıq ideyasını ümummilli amala çevirdi və dövlət müstəqilliyinin bərpasının möhkəm əsasını formalaşdırdı. Ə.Sadıqov çıxışında Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi qətiyyətli mövqeyi xüsusi vurğulayıb. Bildirib ki, Ulu Öndər özünün və ailəsinin həyatını təhlükə altına alaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi bu cinayəti açıq şəkildə pisləmiş, günahsız insanların qətlə yetirilməsinə etiraz etmiş və təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Heydər Əliyevin bu cəsarətli addımı 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi, eyni zamanda Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Ə.Sadıqov qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli kimliyini, azadlıq ruhunu və mübarizə əzmini bütün dünyaya nümayiş etdirməklə yanaşı, müstəqil dövlətçilik yolunda dönüş nöqtəsi olmuşdur. O, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə Azərbaycanın bu gün regionun ən güclü və nüfuzlu dövlətinə çevrildiyini vurğulayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ölkəmizin suverenliyinin tam təmin olunmasının məntiqi nəticəsidir. Ə.Sadıqov xüsusilə qeyd edib ki, bu tarixi nailiyyətlər 20 Yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizin arzu və ideallarının gerçəkləşdiyini təsdiqləyir və hər bir Azərbaycan vətəndaşı dövlət başçısının ətrafında sıx birləşərək müstəqil dövlətimizin daha da güclənməsi naminə səylə çalışmalıdır. Sonra Tarix, coğrafiya və metodika kafedrasının dosenti Samir Kərimli “20 Yanvar faciəsi: imperiya siyasətinin iflası və milli azadlıq hərəkatının dönüş nöqtəsi”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Günel Adıgözəlova “Milli faciə qarşısında Heydər Əliyevin prinsipial və cəsarətli siyasi mövqeyi”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Rahil Cəfərov “Faciədən Zəfərə - tarixi xətt: Xalqın azadlıq mübarizəsi və müasir Azərbaycanın formalaşma yolu” mövzularında məruzə ilə çıxış ediblər. Natiqlər Qanlı Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslərdən, sovet imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi repressiv siyasətdən və xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)