Sumqayıt Dövlət Universiteti (SDU) QS Dünya Universitetləri Reytinqi: Avropa 2026 nəticələrinə əsasən 531–540-cı pillədə yer alıb. SDU ötən illə müqayisədə ümumi balını 62% artıraraq 12,5 baldan 20,3 bala yüksəltmişdir. Reytinq göstəricilərinə əsasən, universitet əvvəlki dövrdə Avropa universitetlərinin 29.6 %-ni, cari ildə isə artıq 44%-ni geridə qoymağa nail olmuşdur.
Avropanın 42 ölkəsində fəaliyyət göstərən 5000-dən artıq ali təhsil müəssisəsi arasından yalnız 958 universitetin daxil olduğu bu yüksək rəqabətli reytinqdə SDU-nun təmsil olunması və mövqeyini möhkəmləndirməsi mühüm nailiyyət hesab olunur.
“Müəllim–tələbə nisbəti” indikatoru üzrə Avropanın ən yaxşı 50 universiteti sırasında yer alan SDU, eyni zamanda “Akademik reputasiya” və “İşəgötürənlər arasında reputasiya” göstəriciləri üzrə ilk 301 universitet qrupunda qərarlaşmışdır.
Universitet QS Avropa reytinqinin regional siyahılarında da fərqlənmişdir. Belə ki, SDU Qərbi Asiya regionu üzrə ilk 50 universitet sırasında yer almış, Azərbaycan üzrə siyahıya daxil olan 15 universitet içərisində 9-cu, ölkənin regional ali təhsil müəssisələri arasında isə 1-ci yerdə qərarlaşmışdır.
Universitetin inkişaf dinamikasını göstərən əsas indikatorlar aşağıdakılardır:
• Akademik reputasiya: 14,9-dan 27,5-ə yüksəlmişdir;
• İşəgötürənlər arasında reputasiya: 14-dən 32-yə çatdırılmışdır;
• Məşğulluq göstəriciləri: 11,2-dən 29,2-yə yüksəlmişdir;
• Əcnəbi tələbələrin müxtəlifliyi: 4,4-dən 4,9-a artmışdır;
• Hər müəllimə düşən məqalə sayı: 1,8-dən 2,2-yə yüksəlmişdir;
• Beynəlxalq tədqiqat şəbəkəsi göstəricisi: 1-dən 1,2-yə çatdırılmışdır.
.jpg)
.jpg)