Sumqayıt Dövlət Universiteti (SDU) ilə Qazaxıstan Respublikasının Xalel Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında həyata keçirilən akademik mübadilə proqramı çərçivəsində SDU-nun 4 müəllimi 26 yanvar -6 fevral tarixlərində Atırau Dövlət Universitetində səfərdədir. Mübadilə proqramında İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev, Mühəndislik fakültəsinin Energetika kafedrasının müdiri, dosent Xəyalə Əliquliyeva, Tarix və coğrafiya fakültəsinin Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov və Riyaziyyat fakültəsinin Riyazi analiz və diferensial tənliklər kafedrasının müəllimi Leyla Nəsirova iştirak edirlər. Müəllimlər öz ixtisas sahələrinə uyğun olaraq tədris prosesində fəal iştirak edir, mühazirə və seminarlar keçirir, həmçinin elmi-metodik müzakirələr aparırlar. Akademik proqram çərçivəsində SDU nümayəndə heyəti Atırau Dövlət Universitetinin rektoru ilə rəsmi görüş keçirərək iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və gələcək akademik mübadilə proqramlarının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Bununla yanaşı, proqram iştirakçıları universitetdə təşkil olunan müxtəlif akademik və mədəni tədbirlərdə iştirak edərək Qazaxıstan Respublikasının ali təhsil sistemi, elmi-tədqiqat mühiti və mədəni irsi ilə yaxından tanış olurlar. Akademik mübadilə proqramı müəllimlərin peşəkar inkişafına, beynəlxalq təcrübənin paylaşılmasına və universitetlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)