Sumqayıt Dövlət Universitetində (SDU) 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənc əməkdaşlarla görüş keçirilib. Tədbir universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, gənclərlə iş Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. O, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində təhsilə və müəllim əməyinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd edib ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə hələ sovet dövründə Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması üçün geniş imkanlar yaradılıb və bu addım ölkədə yüksək ixtisaslı kadr potensialının formalaşmasına mühüm töhfə verib.
O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq vurğulayıb ki, Azərbaycanda gənclər siyasəti hazırda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. İnsan kapitalının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu strategiya təhsilin müasirləşdirilməsi, rəqəmsal bacarıqların artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və innovativ düşüncəli gənc nəslin formalaşdırılmasını hədəfləyir. Qeyd edib ki, qarşıda duran əsas çağırış bu inkişafın ardıcıl və dayanıqlı şəkildə davam etdirilməsidir.
Tədbirin sonunda Gənclər Günü ilə əlaqədar olaraq bir qrup gənc əməkdaş “İydə Parfum” şirkəti tərəfindən hədiyyələrlə mükafatlandırılıb.