Fevralın 4-də Özbəkistan Dövlət Dünya Dilləri Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında ikitərəfli görüş keçirilib. SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qonaqları salamlayaraq son illər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini, bu müsbət dinamikanın elm və ali təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, universitetlərarası əlaqələrin akademik mübadilə, birgə elmi-tədqiqat layihələri və beynəlxalq proqramlar çərçivəsində inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rektoru İlhomjon Tuxtasinov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi universitetin fəaliyyəti, tədris proqramları, mövcud maddi-texniki baza, beynəlxalq əlaqələr və tələbələr üçün yaradılmış təqaüd imkanları barədə ətraflı məlumat verib. Rektor iki universitet arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağını, xüsusilə müəllim və tələbə mübadiləsi, eləcə də birgə elmi və akademik layihələr baxımından böyük perspektivlər vəd etdiyini qeyd edib. Görüş çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Özbəkistan Dövlət Dünya Dilləri Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sonda qonaqlar SDU-nun Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ümummilli Lider Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti barədə ətraflı məlumat alıblar.