Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Multidisiplinar Mühəndislik Qış Məktəbinə start verilib
Yerləşdirilmə tarixi : 10 Fevral 2026 09:28
Sumqayıt Dövlət Universitetində Multidisiplinar Mühəndislik Qış Məktəbinə start verilib
 Sumqayıt Dövlət Universitetində (SDU) fevralın 9-da Multidisiplinar Mühəndislik Qış Məktəbi fəaliyyətə başlayıb. Qış Məktəbi SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Açılış mərasimində SDU-nun rektoru, v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Multidisiplinar Mühəndislik Qış Məktəbinin mühəndislik ixtisasında təhsil alan tələbələr üçün mühüm akademik və praktik platforma olduğunu bildirib. O qeyd edib ki, müasir dövrdə mühəndis kadrların hazırlanmasında multidisiplinar yanaşma xüsusi əhəmiyyət kəsb edir və bu cür proqramlar tələbələrin yalnız nəzəri biliklərini deyil, eyni zamanda praktiki bacarıqlarını, analitik düşünmə və problem həll etmə qabiliyyətlərini inkişaf etdirir. Əminağa Sadıqov vurğulayıb ki, Qış Məktəbi tələbələrin müxtəlif mühəndislik sahələrinin kəsişməsində yaranan real problemlərə yanaşma bacarıqlarını formalaşdırır, onları sənaye mühiti və əmək bazarının aktual tələbləri ilə yaxından tanış edir. Ə.Sadıqov universitetdə tələbələrin peşəkar inkişafına yönəlmiş innovativ təşəbbüslərin daim dəstəkləndiyini qeyd edərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev çıxış edərək bildirib ki, Qış Məktəbinin əsas məqsədi tələbələrin əmək bazarına hazırlıq səviyyəsini yüksəltmək, onlarda multidisiplinar düşüncə tərzini formalaşdırmaq və real sektorun tələblərinə uyğun bacarıqlar qazandırmaqdır. O vurğulayıb ki, layihə əsaslı öyrənmə və komanda işi formatında keçirilən təlimlər tələbələrin kommunikasiya və layihə idarəetmə bacarıqlarının inkişafına mühüm töhfə verir. Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev isə çıxışında mühəndislik sahəsində uğur qazanmaq üçün yalnız ixtisas biliklərinin deyil, analitik düşüncə, çevik yanaşma və müxtəlif sahələr arasında əlaqə qurmaq bacarığının da vacibliyini diqqətə çatdırıb. Proqram çərçivəsində təlimlərə start verilib. Qış məktəbinin ilk təlimi Azərbaycan Su Ehtiyatları Agentliyinin Baş məsləhətçi mühəndisi Fuad Cavadzadə tərəfindən “Proqressiv mühəndislik və suların strateji idarə olunmasında multidisiplinar həllər” mövzusunda keçirilib. Təlim zamanı spiker müasir mühəndisliyin qarşısında dayanan aktual çağırışlara toxunaraq su ehtiyatlarının strateji əhəmiyyətini vurğulayıb, bu sahədə innovativ yanaşmaların və müxtəlif mühəndislik sahələri üzrə biliklərin inteqrasiyasının zəruriliyini qeyd edib. Qeyd edək ki, Multidisiplinar Mühəndislik Qış Məktəbinin təşkilində “SOCAR Polymer”, “GİLTEX”, “Azərsun” şirkətləri, “Qartal” tikinti firması, “EDU Company”, “Holberton School”, eləcə də Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfdaş və sponsor kimi iştirak edərək layihənin uğurla həyata keçirilməsinə dəstək göstəriblər. Bu əməkdaşlıq təlimlərin praktik, real sektor yönümlü və yüksək keyfiyyətlə təşkil olunmasına imkan yaradıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az