Sumqayıt Dövlət Universitetinin tələbələri Qazaxıstanın Toragirov Universitetində mübadilə proqramında iştirak edəcək
Sumqayıt Dövlət Universiteti (SDU) ilə Qazaxıstan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Toragirov Universiteti arasında 13 oktyabr 2025-ci il tarixində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tələbə və müəllim mübadiləsini əhatə edən beynəlxalq proqramın icrasına başlanılıb. Mübadilə proqramına uyğun olaraq, SDU-nun Mühəndislik fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan iki tələbəsi – Nurcan Hacıyeva və Rafael Rzayev 2025–2026-cı tədris ilinin yaz semestrində Toragirov Universitetində təhsil alacaqlar. Tələbələr mübadilə dövründə ixtisasları üzrə müasir tədris proqramlarından yararlanacaq, akademik bilik və praktiki bacarıqlarını beynəlxalq mühitdə inkişaf etdirmək imkanı əldə edəcəklər. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan mübadilə proqramı çərçivəsində Toragirov Universitetinin Biologiya ixtisası üzrə təhsil alan dörd tələbəsi bir semestr müddətində SDU-da təhsil alacaq. Qeyd edək ki, mübadilə proqramı çərçivəsində Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri Tünzalə Babayeva da Toragirov Universitetinə səfər etmiş, “Avrasiya İqlim Danışıqları” Yay Məktəbində ətraf mühitin qorunması və dayanıqlı inkişaf, Təbii resursların idarə edilməsi, İqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi mövzularında mühazirə oxumuş, ekspert kimi iştirak etmişdir. Bu mübadilə proqramı Sumqayıt Dövlət Universitetinin beynəlmiləlləşmə strategiyasının tərkib hissəsi olmaqla, tələbələrin qlobal akademik mühitə inteqrasiyasına və ali təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
