Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən Multidisiplinar Mühəndislik Qış Məktəbi uğurla yekunlaşıb. Elm və sənaye arasında sistemli əməkdaşlığın gücləndirilməsini, nəzəri biliklərlə praktik bacarıqların inteqrasiyasını hədəfləyən Qış Məktəbi mühəndislik ixtisasında təhsil alan tələbələr üçün strateji əhəmiyyətli akademik platforma kimi dəyərləndirilir. Bağlanış mərasimində çıxış edən SDU-nun rektoru, v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Qış Məktəbinin SDU-nun inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, müasir dövrdə mühəndis kadrların hazırlanması yalnız ixtisas biliklərinin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda multidisiplinar düşüncə, analitik təhlil bacarığı, innovativ yanaşma və real sektorla effektiv əməkdaşlıq modelinin formalaşdırılmasını zəruri edir. Əminağa Sadıqov qeyd edib ki, SDU-da universitet-sənaye əməkdaşlığı prioritet istiqamət kimi müəyyənləşdirilib və bu model tələbələrin əmək bazarına hazır, rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına xidmət edir. O, ölkədə həyata keçirilən struktur islahatların, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan rəqəmsal inkişaf strategiyasının mühəndislik təhsilinə yeni çağırışlar müəyyən etdiyini diqqətə çatdırıb. Süni intellekt texnologiyalarının tətbiqi, data əsaslı idarəetmə sistemlərinin qurulması və rəqəmsal transformasiya prosesləri mühəndis kadrların hazırlığında keyfiyyətcə yeni mərhələnin başlanğıcını təşkil edir. Əminağa Sadıqov çıxışında vurğulayıb ki, müasir mühəndis yalnız texniki biliklərə malik mütəxəssis deyil, həm də strateji düşünən, texnoloji yenilikləri tətbiq etməyi bacaran və qlobal çağırışlara adekvat cavab verən peşəkardır. O, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin yüksək texnoloji hazırlıq, milli birlik və güclü dövlətçilik modelinin nəticəsi olduğunu qeyd edərək gəncləri bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyə çağırıb.
Tədbirdə çıxış edən “Qartal” tikinti şirkətinin direktoru Şahin Məmmədov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib, SDU ilə əməkdaşlığın real sektor üçün ixtisaslı kadr hazırlığı baxımından əhəmiyyətini vurğulayıb. Digər tərəfdaş müəssisələrin nümayəndələri də bu cür təşəbbüslərin davamlı xarakter daşımasının vacibliyini qeyd edərək universitetlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev Qış Məktəbi çərçivəsində tələbələrin nümayiş etdirdiyi fəallığı yüksək qiymətləndirərək qeyd edib ki, əldə olunan bilik və praktik təcrübə onların peşəkar kompetensiyalarının formalaşmasında mühüm rol oynayacaq. Sonda Qış Məktəbinin təşkilinə dəstək göstərən “SOCAR Polymer”, “GİLTEX”, “Azərsun Holding”, “Qartal” tikinti firması, “EDU Company” və “Holberton School” tərəfdaş qurumlara təşəkkürnamələr təqdim olunub, fəal iştirak edən tələbələr sertifikatlarla təltif edilib. Beləliklə, Multidisiplinar Mühəndislik Qış Məktəbi SDU-da elmi-pedaqoji mühitin gücləndirilməsi, universitet–sənaye əməkdaşlığının institusional əsasda inkişafı və müasir çağırışlara cavab verən mühəndis kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımların mühüm tərkib hissəsi kimi dəyərləndirilir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)