Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şurasının növbəti iclası keçirilib
Yerləşdirilmə tarixi : 13 Fevral 2026 15:11
Elmi Şurasının növbəti iclası keçirilib

 Fevralın 13-də Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. Rektor v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elmi Şura üzvlərini salamlayaraq universitetdə əldə olunan nailiyyətlərdən bəhs edib, eyni zamanda qarşıda duran prioritet vəzifələr və yeni hədəflər barədə fikirlərini bölüşüb. Sonra iclasın gündəliyində duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırılıb və təsdiq olunub. 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev bakalavriat və magistratura səviyyələri üzrə hesabatla çıxış edib. Bildirib ki, imtahan sessiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə və Sumqayıt Dövlət Universiteti üzrə verilmiş əmrə uyğun şəkildə təşkil olunub və keçirilib. Sessiya müddətində universitet rəhbərliyi tərəfindən imtahan prosesinə mütəmadi nəzarət həyata keçirilib ki, bu da imtahanların şəffaf, obyektiv və yüksək səviyyədə təşkilinə şərait yaradıb. Bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyasının nəticələri, eləcə də sessiya dövründə Apellyasiya komissiyası və İmtahan qərargahının fəaliyyəti müsbət qiymətləndirilib və təqdim olunan hesabat Şura tərəfindən təsdiq edilib. SDU əməkdaşlarının 2025-ci il üzrə elmi fəaliyyətə görə mükafatlandırılması məsələsi Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev tərəfindən təqdim olunub. Qeyd edib ki, universitet əməkdaşlarının və onların müəllifliyi ilə 2025-ci ildə Web of Science və SCOPUS bazalarına daxil olan jurnallarda (Q3 və Q4) dərc olunmuş hər məqalə üçün 500 AZN, Q1 və Q2 kateqoriyalı jurnallarda dərc edilmiş məqalələrinə görə isə hər məqalə üçün 1000 AZN məbləğində mükafat nəzərdə tutulur. Bildirib ki, mükafat yalnız SDU-dan olan müəlliflərə şamil ediləcək və həmmüəlliflər arasında bərabər bölünəcək. Eyni zamanda, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin Web of Science və SCOPUS bazalarına daxil olan jurnallarda ən çox məqalə dərc etdirərək TOP 5-likdə yer alan müəlliflərin hər biri 3000 (üç min) AZN məbləğində mükafatlandırılacaq. SDU-nun strukturunda aparılan dəyişikliklər barədə İnsan resursları şöbəsinin müdiri Könül Məhərrəmovanın məlumatı dinlənilib. Bildirib ki, universitetin strukturunda fəaliyyət göstərən Əlavə təhsil mərkəzi, eləcə də Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin Reytinqlərlə iş bölməsi ləğv edilib. İclasda Sumqayıt Dövlət Universiteti əməkdaşlarının əməkhaqlarının artırılması barədə rektor v.i.e. Əminağa Sadıqov çıxış edib. Əməkdaşların əməkhaqlarının artırılması məqsədəuyğun hesab edilib. Sonra Riyazi analiz və diferensial tənliklər kafedrasının müəllimi Aybəniz Yaqnaliyevanın dissertasiya işinin yeni redaksiyada mövzusu təsdiq edilib. Eyni zamanda “Davamlı peşəkar inkişaf sisteminin tətbiq qaydaları” adlı sənəd Şura üzvləri tərəfindən müzakirə olunub və təsdiq edilib. Elmi katib Muxtar Səmədov Elmi Şuraya təqdim olunmuş tədris vəsaitləri barədə məlumat verib. Bildirib ki, Şuraya 15 adda vəsait təqdim olunub. Onlardan 4-ü dərs vəsaiti, 2-si metodik vəsait və 9-u fənn proqramıdır. Müzakirələrdən sonra təqdim olunan vəsaitlərin nəşrinə icazə verilib. Daha sonra seçkilərin keçirilməsi və elmi adların verilməsi məsələsi müzakirə olunub. Bir qrup əməkdaşa elmi-pedaqoji fəaliyyətlərinə görə dosent elmi adının verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olunub. Gizli səsvermənin nəticələrinə əsasən müvafiq qərar qəbul edilib. Bununla da Elmi Şuranın iclası başa çatıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az