16 fevral tarixində Qazaxıstanın Toraygirov Universitetindən mübadilə proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetinə gələn tələbələrlə görüş keçirilib. Görüşdə Təbiət elmləri fakültəsinin dekanı Rəşad Səlimov, fakültənin bir qrup müəllimi, Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova, eləcə də şöbənin əməkdaşları iştirak edib.
Tədbirin əsas məqsədi mübadilə proqramı çərçivəsində SDU-da təhsil alacaq tələbələrin universitet mühiti, akademik qaydalar və tədris prosesi ilə yaxından tanışlığını təmin etmək, onların adaptasiya prosesinə dəstək göstərmək olub. Görüş zamanı tələbələrə universitetin strukturu, tədris proqramları, kampus həyatı və mövcud akademik resurslardan istifadə imkanları haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Sumqayıt Dövlət Universiteti beymiləlləşmə strategiyası çərçivəsində xarici tərəfdaş ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir və tələbə-müəllim mübadiləsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Toraygirov Universiteti ilə həyata keçirilən mübadilə proqramı iki universitet arasında elmi və akademik əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə xidmət edir.
Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və gözləntiləri dinlənilib.
Tədbirin davamında qonaq tələbələr Heydər Əliyev Mərkəzi, Elmi Kitabxana və auditoriyaları ziyarət edərək universitetin maddi-texniki bazası, müasir tədris infrastrukturu və zəngin elmi resursları ilə yaxından tanış olublar.