Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələrin təcrübə prosesinə start verilib
Yerləşdirilmə tarixi : 17 Fevral 2026 15:23
SDU-da tələbələrin təcrübə prosesinə start verilib

 Fevralın 16-da Sumqayıt Dövlət Universitetinin Tədris Metodiki Mərkəzi və Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə elmi-tədqiqat, istehsalat və pedaqoji təcrübəyə yollanacaq tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Tədris Metodiki Mərkəzin (TMM) direktoru, dosent Elnarə Məmmədova təcrübə rəhbərlərini və tələbələri salamlayaraq onlara uğurlar arzulayıb. O bildirib ki, təcrübə prosesi zamanı tələbələr fakültə dekanları, təcrübə rəhbərləri və qəbul edən təşkilatlar tərəfindən dəstəklənəcəklər. Bununla yanaşı, əldə olunacaq nəticələrin əsasən tələbələrin şəxsi məsuliyyəti və fəallığından asılı olduğunu vurğulayıb.
Qeyd olunub ki, cari tədris ilində 1147 tələbə təcrübəyə cəlb ediləcək. Onlardan 519 nəfər istehsalat, 628 nəfər isə pedaqoji təcrübə keçəcək. Elmi-tədqiqat yönümlü təcrübələr AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu, Psixologiya Elmi-Tədqiqat İnstitutu və digər elmi müəssisələrdə təşkil olunacaq. İstehsalat təcrübəsi SDU-nun nəzdində fəaliyyət göstərən Polimer Materialları İnstitutu, ARETN Kimya İnstitutu, ARETN Neft-Kimya Prosesləri İnstitutu və digər müəssisələrdə, pedaqoji təcrübə isə tam orta ümumtəhsil məktəblərində həyata keçiriləcək.
Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev tələbələri payız imtahan sessiyasını uğurla başa vurmaları münasibətilə təbrik edib, təcrübənin nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Həmçinin Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, təcrübə müddətində tələbələrlə müddətli əmək müqaviləsinin bağlana biləcəyini diqqətə çatdırıb.
TMM-nin metodisti Aynurə Bağırova təcrübənin məqsədi, tələbələrin hüquq və vəzifələri, qiymətləndirmə meyarları və hesabatlılıq qaydaları barədə qısa məlumat verib, 14 həftəlik təcrübə müddətinin sonunda tələbələrin hesabat komissiyası qarşısında çıxış edəcəklərini bildirib.
Tədbirin sonunda tələbələr onları maraqlandıran suallara cavab alıblar. Görüş qarşılıqlı müzakirə şəraitində keçib və tələbələrin təcrübə mərhələsinə daha hazırlıqlı şəkildə başlamalarına şərait yaradıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az