Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Beynəlxalq müəllim mübadiləsi təcrübəsinə həsr olunmuş növbəti elmi seminar
Yerləşdirilmə tarixi : 25 Fevral 2026 09:51
Beynəlxalq müəllim mübadiləsi təcrübəsinə həsr olunmuş növbəti elmi seminar
Fevralın 24-də Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsində Biznesin idarə edilməsi kafedrasının təşəbbüsü ilə elmi hesabat seminarı keçirilib. Tədbir professor Şəfa Əliyevin Qazaxıstanda yerləşən Xalel Dosmuxamedov adına Atırau Universitetində “Beynəlxalq müəllim mübadiləsi: Qazaxıstan təcrübəsi” proqramı çərçivəsində həyata keçirdiyi ezamiyyətin nəticələrinə həsr olunub. Seminarı fakültənin dekanı, dosent Loğman Abdullayev açaraq bildirib ki, belə beynəlxalq mübadilə proqramları universitetlər arasında elmi və pedaqoji əlaqələrin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. O, xüsusilə vurğulayıb ki, universitetdə beynəlxalq əlaqələrin genişləndirilməsi, müəllim və tədqiqatçıların xarici ali məktəblərlə əməkdaşlığının təşviqi məhz SDU-nun rektoru, v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Dekan beynəlxalq mübadilə imkanlarının yaradılmasına və universitetin qlobal akademik məkana inteqrasiyasına göstərdiyi diqqət və dəstəyə görə rektora minnətdarlığını bildirib. Professor Şəfa Əliyev çıxışında ezamiyyət müddətində gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, proqram çərçivəsində müxtəlif fənlər üzrə mühazirə və praktiki məşğələlər aparıb, elmi seminar və ustad dərsləri təşkil edib. “Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” və “Firmanın iqtisadiyyatı” fənləri üzrə keçirilən dərslərdə interaktiv metodlardan və praktik nümunələrdən istifadə olunub. Səfər çərçivəsində Scopus bazasında indekslənən jurnallarda məqalələrin hazırlanması qaydalarına dair elmi-praktik seminar təşkil edilib, gənc tədqiqatçılarla akademik yazı və nəşr strategiyaları barədə müzakirələr aparılıb. Həmçinin universitet rəhbərliyi ilə keçirilən görüşlərdə birgə elmi tədqiqatların aparılması, ortaq layihələrin hazırlanması və akademik mübadilənin davam etdirilməsi məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən Tədris Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin dosentləri Qalib Hüseynov və İmran Əmirov, eləcə də Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin əməkdaşı Gülnar Hüseynova səfər zamanı əldə olunan təcrübənin tədris prosesində tətbiqinin əhəmiyyətini vurğulayıblar. Professor Şəfa Əliyevə universiteti yüksək səviyyədə təmsil etdiyinə görə təşəkkürlərini çatdırıblar. Seminar müzakirələrlə davam edib, tələbələrin sualları ətraflı cavablandırılıb.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az