Orqan donorluğu və transplantasiya mövzusunda maarifləndirici tədbir keçirilib
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində orqan donorluğu və transplantasiya mövzusunda maarifləndirici tədbir təşkil olunub. Görüş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə baş tutub və əsas məqsəd gənclər arasında bu sahədə düzgün məlumatlandırmanın təmin edilməsi olub. Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov açaraq iştirakçıları və qonaqları universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun adından salamlayıb. O, görüşün əhəmiyyətini və mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, orqan donorluğu insan həyatının xilas edilməsində mühüm rol oynayan humanist addımlardan biridir. Tələbələrin erkən yaşdan məlumatlandırılması gələcəkdə könüllü donorların sayının artmasına müsbət təsir göstərə bilər. Sonra Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək orqan donorluğunun tibbi və hüquqi əsasları, ölkəmizdə transplantasiya sahəsində həyata keçirilən islahatlar və normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda transplantasiya əməliyyatları qanunvericiliyin tələblərinə uyğun şəkildə və dövlət hesabına icra olunur ki, bu da xidmətlərin əlçatanlığını artıran əsas amildir. Tədbirdə Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva da təqdimatla çıxış edərək Azərbaycanda orqan donorluğunun aktuallığından danışıb. O, beyin ölümü anlayışı, transplantasiya prosesinin mərhələləri, donor olmaq üçün tələb olunan şərtlər və prosedurlar barədə izah verib. Qeyd edib ki, düzgün və vaxtında verilən qərar, eləcə də peşəkar şəkildə təşkil olunmuş transplantasiya prosesi bir çox insanın həyatını xilas etməyə imkan verir.
Sonda iştirakçılarla interaktiv müzakirə aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)