Fakültələrdə Xocalı facəsinin 34-cü ildönümü anılıb
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatlarının təşəbbüsü ilə fakültələrdə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Əvvəlcə Xocalı faciəsində həyatını itirən günahsız insanların və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxışçılar Xocalı faciəsinin dinc əhaliyə qarşı törədilmiş ağır beynəlxalq cinayət olduğunu vurğulayaraq, bu hadisənin erməni millətçilərinin mahiyyətini dünya ictimaiyyətinə göstərdiyini bildiriblər. Qeyd olunub ki, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Daha sonra Prezident İlham Əliyevin prinsipial və ardıcıl xarici siyasəti nəticəsində beynəlxalq müstəvidə Ermənistanın işğalçı siyasətinə dair mühüm sənədlər qəbul edilmiş, Xocalı faciəsinin tanıdılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Artıq üç ildir ki, Xocalı faciəsinin ildönümü fərqli tarixi şəraitdə qeyd olunur. Xocalı şəhərinin işğaldan azad edilməsi ilə tarixi ədalət bərpa edilib. Bu gün azad Xocalıda dalğalanan Azərbaycan bayrağı faciə qurbanlarının xatirəsinə göstərilən ən ali ehtiramın rəmzidir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış prosesi uğurla davam edir. Natiqlər həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya səfərlərindən, kənd sakinləri ilə görüşlərindən, dövlət başçısının Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında imzaladığı sərəncamdan bəhs ediblər. Vətən uğrunda canlarından keçən şəhidlər heç vaxt unudulmayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsi olaraq yaşayacaqdır. Tələbələr də məruzələrlə çıxış edərək Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirib, bu hadisəni insanlığa qarşı yönəlmiş amansız cinayət kimi səciyyələndiriblər.
.jpg)
