“Şəhərlərin enerji məsələləri və həll modelləri: Sumqayıt təcrübəsi” mövzusunda maarifləndirici görüş keçirilib
Martın 2-də Sumqayıt Dövlət Universitetində Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC-nin təşəbbüsü ilə “Şəhərlərin enerji məsələləri və həll modelləri: Sumqayıt təcrübəsi” mövzusunda görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov qeyd edib ki, belə görüşlər tələbələrin peşəkar formalaşmasına və praktik dünyagörüşünün genişlənməsinə mühüm töhfə verir. O bildirib ki, enerji sektorunda sürətlə baş verən texnoloji yeniliklər və müasir yanaşmalar gənclərin gələcək karyera imkanlarını daha da artırır, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına şərait yaradır. Sonra rektorun müşaviri, professor Tamilla Əhmədova çıxış edərək elektrik enerjisinə qənaətin əhəmiyyətindən danışıb, səmərəli enerji istifadəsinin həm iqtisadi, həm də ekoloji baxımdan dayanıqlı inkişaf üçün vacib olduğunu vurğulayıb. Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin baş mühəndisi Azər Mehdixanlı çıxışında şəhərlərin dayanıqlı inkişafında etibarlı enerji təchizatının əsas amillərdən biri olduğunu vurğulayıb. O, Sumqayıtda elektrik infrastrukturunun yenilənməsi, yarımstansiyaların modernləşdirilməsi, enerji itkilərinin azaldılması və “ağıllı şəbəkə” texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Görüş interaktiv formatda davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)