Tarix və coğrafiya fakültəsi “Memarlıq və Şəhərsalma İli” çərçivəsində elmi-praktik seminar keçirib
Sumqayıt Dövlət Universitetinin Tarix, coğrafiya və metodika kafedrasının təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş “Şəhərsalmanın coğrafi amilləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarı Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bununla əlaqədar olaraq respublikanın bütün bölgələrində və müvafiq müəssisələrdə tədbirlər keçirilir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən Sumqayıt Dövlət Universitetində də silsilə tədbirlər təşkil olunur. Həmin tədbirlər fakültədə də davam edir. Professor çıxışı zamanı xüsusilə vurğulayıb ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması təsadüfi deyil. Azərbaycanın şəhərsalma və memarlıq irsi qədim tarixi köklərə malikdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və abadlıq işləri sürətlə aparılır. Belə tədbirlər müasir şəhərsalma prinsipləri baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin ərazilərin sosial-iqtisadi inkişafında və müasir şəhər mühitinin formalaşmasında hər kəs fəal iştirak etməlidir. Sonra Tarix, coğrafiya və metodika kafedrasının baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Məsud Alməmmədli “Şəhərsalmaya relyef və iqlim amillərinin təsiri”, həmin kafedranın müəllimi Nərmin Əhmədova “Şəhərsalmanın landşaft planlaşdırılması” və fakültənin IVkurs tələbəsi Ellada Zərgərova “Şəhərsalmada coğrafi mövqeyin rolu” mövzularında çıxış ediblər. Çıxışçılar bildiriblər ki, şəhərsalma prosesində relyef və iqlim mühüm təbii amillər kimi çıxış edir, landşaft planlaşdırılması isə yaşayış məntəqələrinin yerləşmə prinsiplərinə, memarlıq həllərinə, həmçinin nəqliyyat və digər infrastrukturun inkişafına birbaşa təsir göstərir. Daha sonra Tarix, coğrafiya və metodika kafedrasının müdiri, dosent Sona Məhərrəmova çıxış edərək dinlənilən məruzələri yüksək qiymətləndirib və şəhərsalmanın müxtəlif aspektləri barədə fikirlərini bölüşüb. O, mövzunun aktuallığını və elmi-praktik əhəmiyyətini vurğulayıb. Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)