Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da əcnəbi tələbələr üçün Novruz tədbiri keçirilib
Yerləşdirilmə tarixi : 17 Mart 2026 16:27
SDU-da əcnəbi tələbələr üçün Novruz tədbiri keçirilib
 Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan əcnəbi tələbələr üçün Filologiya fakültəsi və Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının milli bayramı-Novruz münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun bayram təbriklərini iştirakçılara çatdırıb. O, Novruz bayramının zəngin tarixi köklərindən, əsrlər boyu qorunub saxlanılan adət-ənənələrindən bəhs edərək bildirib ki, Novruz birlik, həmrəylik və dostluq rəmzidir. Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva çıxışında əcnəbi tələbələrin universitet həyatı ilə bağlı müsbət təəssüratlarını vurğulayıb, Novruz bayramının müxtəlif xalqları bir araya gətirən, mədəniyyətləri yaxınlaşdıran əhəmiyyətindən danışıb. Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova çıxışında universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini vurğulayaraq, müxtəlif ölkələrdən olan tələbələrin SDU-da təhsil almasının mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib. Belə tədbirlərin dostluq əlaqələrinin daha da möhkəmlənməsində xüsusi rol oynadığını diqqətə çatdırıb. Sonra Türkiyə, Pakistan, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Malayziya və digər ölkələrdən olan tələbələrə ingilis dilində Novruz bayramının qədim tarixi, zəngin adət-ənənələri və atributları haqqında ətraflı məlumat təqdim olunub. Bayram şənliyi çərçivəsində Novruz xonçaları, milli dəyərlərimizi əks etdirən şirniyyat nümunələri nümayiş etdirilib. Tədbir xarici tələbələrin “Yallı” rəqsi ilə davam edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az