Sumqayıt Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib
Sumqayıt Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümünə həsr olunmuş “Unudulmayan həqiqətlər” adlı elmi-praktik seminar keçirilib.
Tədbir çərçivəsində iştirakçılar əvvəlcə universitetin foyesində təşkil olunmuş fotosərgiyə baxış keçiriblər. Daha sonra seminar universitetin kiçik akt zalında davam etdirilib. Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açıb. O, 31 Mart tarixinin Azərbaycan xalqının qan yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı müvafiq fərmanla Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib və həmin vaxtdan etibarən həm ölkə daxilində, həm də xaricdə qeyd olunur.
Əminağa Sadıqov çıxışında XX əsrin əvvəllərində erməni daşnaklarının həyata keçirdiyi qırğınların miqyasına diqqət çəkərək qeyd edib ki, Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə minlərlə dinc azərbaycanlı amansızcasına qətlə yetirilib. Bildirib ki, uzun illər bu hadisələrə lazımi siyasi-hüquqi qiymət verilməyib, yalnız müstəqillik dövründə bu istiqamətdə sistemli addımlar atılıb, tarixi həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb. Ə.Sadıqov çıxışında qeyd edib ki, müstəqillik dövründə soyqırımı faktlarının daha dərindən araşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, 2007-ci ildə Quba ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı kütləvi məzarlıqların aşkar edilməsi bu faciənin miqyasını bir daha ortaya qoyub. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Bu gün həmin kompleks həm ölkə vətəndaşları, həm də xarici qonaqlar üçün mühüm tarixi məkan olmaqla yanaşı, soyqırımı həqiqətlərinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Əminağa Sadıqov vurğulayıb ki, soyqırımı faktlarının unudulmaması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur. O, xüsusilə qeyd edib ki, bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür və gənclərin həm tarixi biliklərinin artırılması, həm də yüksək təhsil alaraq dövlətin inkişafına töhfə verməsi əsas prioritetlərdəndir. Seminarda çıxış edən Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Ermənilərin tarixi Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırımı siyasəti”, SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin “Pedaqogika” fənn birləşmə komissiyasının sədri Leyla Meybullayeva “1918-ci ilin 31 Mart qırğınları: tarixi faktlar və reallıqlar”, SDU-nun Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müəllimi Nərgiz Yusifova isə “31 Mart: Soyqırımı həqiqətlərinin tanıdılmasında dövlət siyasəti” mövzularında məruzələrlə çıxış edərək 1918-ci il hadisələrinin tarixi kökləri, ermənilərin Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti, mart-aprel qırğınlarının faktoloji əsasları, eləcə də bu həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, tarixi faktların elmi əsaslarla araşdırılması və təbliği milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda iştirakçılar belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, 31 Mart faciəsinin unudulmaması və beynəlxalq səviyyədə daha geniş tanıdılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)