Aprelin 1-də Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Dövlət Universitetinin tələbələri Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərə gedən yol -10 il” adlı tədbirdə iştirak ediblər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, millət vəkilləri Elnarə Akimova və Rizvan Nəbiyev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından bəhs ediblər. Həmçinin, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova və Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyyət Mehdiyev xatirələrini bölüşüblər. Tədbirin bədii hissəsi rəngarəng proqramla davam edib.