Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisinin açılışı baş tutub – SDU sərgidə təmsil olunur
Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisinin açılış mərasimi keçirilib.
Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələrin və gənc mütəxəssislərin Azərbaycanda təhsil imkanları barədə məlumatlandırılması məqsədi daşıyır. Açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və təhsil mütəxəssisləri iştirak ediblər. Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti ilə yanaşı, Sumqayıt Dövlət Universiteti də təmsil olunur. Universitetin nümayəndələri tərəfindən SDU-da mövcud ixtisaslar, tədris proqramları, beynəlxalq əməkdaşlıq imkanları və elmi fəaliyyət istiqamətləri barədə sərgi iştirakçılarına ətraflı məlumat verilir. Sərgi çərçivəsində abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil imkanları, qrant proqramları, akademik mobillik, ikili diplom proqramları və qəbul şərtləri ilə bağlı geniş məlumat əldə etmək imkanı qazanırlar.
Sərginin açılış mərasimində çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. O bildirib ki, ötən il Azərbaycanda keçirilən “Study in Kazakhstan” sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib və həmin tədbir çərçivəsində 80-ə yaxın mühüm razılaşma əldə olunub. Nazir bu kimi təşəbbüslərin gələcəkdə daha geniş əməkdaşlıq imkanları yaradacağını qeyd edib.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında təhsildə inteqrasiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan və Qazaxıstan ortaq tarixi və mədəni dəyərlərə malik ölkələrdir. Onun sözlərinə görə, təhsil sahəsində əməkdaşlıq bu yaxınlığı daha da gücləndirir və belə platformalar gənclərin düzgün peşə seçimi etməsinə, beynəlxalq rəqabətədavamlı kadr kimi formalaşmasına mühüm töhfə verir. Qeyd edək ki, “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi 7–8 aprel tarixlərində fəaliyyətini davam etdirəcək.
.jpg)
.jpg)
.jpg)
.jpg)