Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU -da müasir kurikulum yanaşmalarına həsr olunan seminar keçirilib
Yerləşdirilmə tarixi : 14 Aprel 2026 18:23
SDU -da müasir kurikulum yanaşmalarına həsr olunan seminar keçirilib
Aprelin 14-də Sumqayıt Dövlət Universitetinin (SDU) Karyera və Məzunlarla İş Mərkəzi və EDU Company Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Müəllimin çırağı - Kurikulum” adlı seminar keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Anar Dünyamalıyev tədbirin məqsəd və əhəmiyyətindən bəhs edərək müasir dövrdə təhsil sistemində baş verən yeniliklər və Sumqayıt Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. O, EDU Company ilə əməkdaşlıqdan və bu əməkdaşlıq çərçivəsində universitetdə fəaliyyətə başlayan SDU–EDU Hazırlıq Mərkəzi haqqında danışıb. Universitetdə tələbəyönümlü mühitin formalaşdırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb. Bildirib ki, SDU–EDU Hazırlıq Mərkəzi tələbələr üçün geniş imkanlar təqdim edir. Mərkəzdə ofis proqramları, xarici dil hazırlığı, magistr və MİQ üzrə hazırlıq kursları təşkil olunur. Hazırda magistratura hazırlığı ödənişsiz əsaslarla həyata keçirilir ki, bu da tələbələrin peşəkar inkişafına dəstək göstərir. SDU-nun Tədris Metodiki Mərkəzinin direktoru, dosent Elnarə Məmmədova seminarın əhəmiyyətini vurğulayaraq tələbələri universitet rəhbərliyi tərəfindən yaradılmış imkanlardan maksimum yararlanmağa çağırıb. O qeyd edib ki, hər bir tələbənin uğuru ümumi uğurun tərkib hissəsidir və bu istiqamətdə bütün tələbələrə nailiyyətlər arzulayıb. EDU Company Təhsil Şirkətinin Sumqayıt filialının direktoru Ömür Əmirov rəhbərlik etdiyi mərkəzin fəaliyyəti və təqdim olunan xidmətlər haqqında məlumat verib. Daha sonra EDU Company Təhsil Şirkətinin MİQ üzrə koordinatoru Elgün Hüseynov, məktəbəqədər təhsil üzrə MİQ təlimçisi Röya Güləliyeva çıxış edərək kurikulumun mahiyyəti, təlim prosesində rolu, şagirdyönümlü yanaşmanın əhəmiyyəti və müasir tədris metodları barədə geniş məlumat veriblər. Seminar interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ardınca kurikulum təlimçisi və SDU-nun məzunu Zeynab Məmmədova “Məntiq xətaları” mövzusunda təqdimatla çıxış edib. SDU–EDU Hazırlıq Mərkəzinin koordinatoru Ləman Hüseynova isə mərkəzin fəaliyyəti barədə əlavə məlumat verib.
Seminarın sonunda iştirakçılara 20 faiz endirim kuponları təqdim edilib. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az