Əməyin Mühafizəsi Günü SDU-da qeyd olunub
Aprelin 22-də Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim universitetin Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə baş tutub. Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq təlimin əhəmiyyətindən bəhs edib. O, mövzunun aktuallığını vurğulayaraq bildirib ki, universitet mühiti yalnız təhsil məkanı deyil, eyni zamanda sağlam sosial münasibətlərin formalaşdığı bir platformadır. Qeyd edib ki, ziyalı kollektivdə çalışaraq cəmiyyət üçün savadlı və məsuliyyətli gənclər yetişdirilir və bu prosesdə sosiallaşma, effektiv kommunikasiya əlaqələrinin qurulması mühüm rol oynayır. Bu baxımdan şəffaflıq, güvən və səmimiyyət iş mühitinin əsas dəyərləri kimi xüsusi önəm kəsb edir. Prorektor çıxışında dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik və insan amilinə verdiyi dəyərdən də bəhs edərək, ölkədə əmək hüquqlarının qorunması və sosial rifahın yüksəldilməsi istiqamətində formalaşdırılmış siyasətin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, həmçinin psixososial risk amilləri, iş yerində effektiv ünsiyyət və komandadaxili münasibətlərin tənzimlənməsi barədə də çıxış edib. Təlimdə HİK-in sədri Nemət İbayev çıxış edərək bildirib ki, Komitənin fəaliyyət planına uyğun olaraq hər il 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə müxtəlif mövzulara həsr olunan tədbirlər təşkil edilir. O, sağlam iş mühitinin formalaşdırılmasının əsas istiqamətlərinə toxunaraq qeyd edib ki, təhlükəsiz əmək şəraitinin yaradılması, işçi hüquqlarının qorunması, psixoloji dəstəyin təşkili, kollektiv daxilində sağlam münasibətlərin qurulması və maarifləndirmə fəaliyyətinin genişləndirilməsi bu sahədə prioritet məsələlərdəndir. Xüsusilə təhsil müəssisələrində sağlam psixososial mühitin yaradılması gələcək nəsillərin formalaşması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Sonra təlimçi, Pedaqogika və psixologiya kafedrasının dosenti Sevinc Kərimova “Psixososial iş mühiti nədir?”, açıq ünsiyyət və şəffaflıq, ədalətli idarəetmə, iş-həyat balansı, mobbinqlə mübarizə və digər mövzular ətrafında təqdimatla çıxış edib. Daha sonra Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova çıxış edərək bildirib ki, sağlam iş mühiti ilk növbədə insanın davranış və münasibətlərindən formalaşır. Diqqətə çatdırıb ki, universitetdə rəhbərlik tərəfindən sağlam və şəffaf iş mühiti təmin olunub. İstər müəllimlərin işə qəbulu, istərsə də elmi fəaliyyət sahəsində iş prinsipləri şəffaflıq əsasında qurulub. Təlim interaktiv mühitdə davam edib, mövzu ətrafında müzakirələr aparılıb.
.jpeg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)