Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Bizim Yer: bioloji sərvətimiz və iqtisadi gələcəyimiz” mövzusunda infosessiya keçirilib
Yerləşdirilmə tarixi : 23 Aprel 2026 11:53
SDU-da “Bizim Yer: bioloji sərvətimiz və iqtisadi gələcəyimiz” mövzusunda infosessiya keçirilib
Aprelin 22-də Sumqayıt Dövlət Universitetində (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Təbiət elmləri fakültəsi ilə birgə təşəbbüsü nəticəsində “Bizim Yer: bioloji sərvətimiz və iqtisadi gələcəyimiz” mövzusunda infosessiya keçirilib.
Tədbirdə SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Lalə Vəliyeva və Təbiət elmləri fakültəsinin baş müəllimi Aysel Ağayevanın çıxışları ilə başlayan infosessiyada 22 aprel – Beynəlxalq Yer Gününün yaranma tarixi, mahiyyəti və qlobal əhəmiyyəti barədə ətraflı məlumat verilib. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Turan Şirinovun moderatorluğu ilə davam edən tədbirdə tələbələr Sona Məmmədzadə və Fəridə Ağayeva ingilis dilində təqdimatlarla çıxış ediblər. Onlar təbiət və iqtisadiyyat arasındakı qarşılıqlı əlaqə, “yaşıl iqtisadiyyat” anlayışı, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və innovativ texnologiyaların rolu barədə fikirlərini bölüşüblər. Daha sonra Təbiət elmləri fakültəsinin tələbələri Badam Ağamirzəyeva, Nübar Məmmədova və Güllü Şükürova mövzu üzrə təqdimatlarla çıxış edərək ekoloji tarazlığın qorunması və bioloji resursların səmərəli istifadəsinin əhəmiyyətini vurğulayıblar. Tədbirin interaktiv hissəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Kamran Balakişiyev və Mais Mehtiyev tərəfindən ünvanlanan suallar müzakirələrin daha da genişlənməsinə və tələbələrin iqtisadi dünyagörüşünün inkişafına töhfə verib.Tədbirin sonunda çıxış edən Əminağa Sadıqov Yer kürəsinin bəşəriyyətin ortaq evi olduğunu vurğulayaraq onun qorunmasının hər bir fərdin və cəmiyyətin əsas məsuliyyətlərindən biri olduğunu bildirib. O qeyd edib ki, ekoloji problemlərə həssas yanaşma və qlobal çağırışlara qoşulmaq müasir dövrdə həm fərdi, həm də ictimai məsuliyyətin ayrılmaz tərkib hissəsidir. Ə.Sadıqov çıxışında yaşıl iqtisadiyyatın inkişafının yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, bütün peşə istiqamətləri üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, qlobal tendensiyalar fonunda kənd təsərrüfatının strateji əhəmiyyətinin artdığını vurğulayaraq, bu sahədə dayanıqlı inkişafın təmin olunmasında gənc nəslin bilik və təşəbbüskarlığının xüsusi rol oynayacağını qeyd edib. Tədbir Təbiət elmləri fakültəsinin tələbəsi Nurtac Süleymanlının ifasında səslənən “Ey Vətən” nəğməsi ilə yüksək əhval-ruhiyyədə başa çatıb. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az