SDU – da “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində seminar keçirilib
Aprelin 24-də Sumqayıt Dövlət Universitetində (SDU) “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində “Qərbi Azərbaycana qayıdış: tarixi həqiqətlər, innovativ yanaşma və maarifləndirmə” mövzusunda seminar keçirilib.
Seminar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Qərbi Azərbaycan İcmasının (QAİ) tərəfdaşlığı, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
“İRƏLİ” İB-nin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən seminar Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxışında layihənin tarixi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti tariximizin faciəli mərhələlərini təşkil edir. Qeyd olunub ki, 1905 və 1918-ci illər qırğınları, Zəngəzurun Ermənistana verilməsi, eləcə də 1948–1953-cü illər deportasiyaları bu siyasətin tərkib hissəsidir. Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə torpaqlarımızın azad olunması tariximizə şanlı səhifə kimi yazılıb və hazırda “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir. Prorektor həmçinin Qərbi Azərbaycanın mədəni irsinin qorunmasının və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
“İRƏLİ” İB-nin baş katibi Riad Cəbrayılov çıxışında təmsil etdiyi ictimai birlik, eləcə də Qərbi Azərbaycanın mədəni irsinin təbliği məqsədilə həyata keçirilən layihələr, konfranslar, festivallar, düşərgələr və infosessiyalar barədə ətraflı məlumat verib.
Seminarda Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri Corat qəsəbəsi üzrə nümayəndəliyinin sədri Nazim Hüseynov və nümayəndəliyin Gənclər Təşkilatının sədri Fuad Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı istiqamətində həyata keçirdiyi siyasətdən, bu istiqamətdə formalaşan Qayıdış Konsepsiyasından və Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyətindən bəhs ediblər. SDU-nun İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin baş mütəxəssisi Şükür Əliyev çıxışında Qərbi Azərbaycan mövzusu ilə bağlı Sumqayıt Dövlət Universitetində keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. O, tələbələrin fəal iştirakı ilə təşkil olunan debat, seminar və müxtəlif maarifləndirici layihələr barədə məlumat verib. Sonda Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantlarının ifasında “Mənim Azərbaycanım”, “Qarabağ” və “Mehriban olaq” mahnıları səsləndirilib. Həmçinin SDU-nun tələbəsinin ifasında aşıq havası təqdim olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)